Michael B. Jordan “Qara qaplan”dan sonra müalicə alıb

Michael B Jordan, "Qara qaplan" filmindən kadr

Killmongeri oynamaq asan iş deyil.

Michael B. Jordan “Qara qaplan” (Black Panther) filmində mənfi qəhrəmanı oynamağın çətinliklərindən danışıb.

Filmin çəkilişləri bitəndən sonra 31 yaşlı Jordan mütəxəssisə müraciət etməli olub.

"Mən terapiya aldım, bir az yüngülləşmək üçün insanlarla danışmağa başladım”, - o deyir.

“DÜZGÜN SAYDIĞIM ŞEYLƏRİ ETDİM”

Jordan Killmonger roluna girməyin xırdalıqalrını ötən həftə Oprah Winfrey-nin "SuperSoul Conversations" adlı TV proqramının xüsusi buraxılışında bölüşüb.

Winfrey aktyordan baş mənfi qəhrəmanın “bütün o dəhşətli hərəkətlərini” öyrənmək üçün hara getdiyini soruşub. “Mən tək idim, özümü təcrid edirdim”, – Jordan deyib.

"Mən buna çox vaxt sərf etdim. Erikin (Killmonger) uşaqlıqda çox yalnız olduğu gözümdən qaçmadı. Vakanda adlı mövcud olmayan, xəyali yer haqda danışmaq üçün onun yanında o qədər də çox adam yox idi", – Jordan əlavə edib.

Jordan daha sonra filmdəki Killmonger obrazını layiqincə oynamaq istədiyini deyib.

"Əlbəttə, Afrika-amerikalı nöqteyi-nəzərindən baxanda bu, Afrika diasporasının ifrat, şişirdilmiş versiyasıdır. Erik bir növ Amerikada qara və əsmər olmağın bütün o ağrısını, qəzəbini və bütün o emosiyalarını əks etdirir… Mən bunu görməməzliyə vurmadım”, – Jordan deyir.

Qeyd edək ki, Erik Killmonger obrazı ilk dəfə 1973-cü ildə “Qara qaplan” komiks kitablarında oxuculara təqdim olunub. Doğulan zaman adı N’Jadaka olan Killmongerin vətəni Vakandada hücuma məruz qalır, atası öldürülür, ailəsi öz yurdundan didərgin düşür. Beləcə Erik Harlemə gəlib düşür.

Döyüş sənətlərinə mükəmməl səviyyədə yiyələnən Erik Killmonger həm də dahi zəka sahibidir. O həm çox güclüdür, həm də taktikanı çox gözəl bilir.

"Mən Killmonger olmaq üçün hansısa prosesdən keçmədim. Mən sadəcə bu yolun hər addımında etməli olduğum və düzgün saydığım şeyləri etdim", – deyən aktyor həm də “qaçış planının olmadığını” etiraf edib.

"Hər şey bitəndən sonra deyəsən, o düşüncə vəziyyətində olmaq… deyəsən, o vəziyyət məndə ilişib qaldı", – Jordan deyir.

“HƏR KƏSİN BUNA EHTİYACI VAR”

Jordan filmin çəkilişləri bitəndən sonra roldan çıxıb özünə qayıtmağın çətin olduğunu etiraf edib.

"İlk vaxtlar bu mənim üçün bir az çətin idi”, – Jordan roldakı düşüncə tərzindən çıxma prosesini təsvir edərkən deyib. Haqqımda düşünən, qayğıma qalan insanlara yenidən öyrəşmək, özüm üçün dayandırdığım sevgini almaq. Mən sevginin qarşısını kəsmişdim, sevgi istəmirdim. Bu tənha məkanda bacardığım qədər uzun müddət qalmaq istəyirdim", – aktyor deyib.

O, kişilərin ruhi sağlamlıq terapiyası alması ilə bağlı bütün mövcud tənqidlərə rəğmən mütəxəssislə görüşlərin ona “çox kömək etdiyini” deyib:

“Bizim düşüncəmiz çox güclüdür. Düşüncəmiz bədənimizin əvvəllər keçə bilmədiyi sədləri keçməsinə imkan yaradır. Həqiqətən, terapiya, sadəcə kiminləsə söhbət etmək mənə çox kömək etdi. Kişi olduğun üçün buna görə çox lağa qoyulursan… Mən bununla razı deyiləm. Hər kəsin yüngülləşməyə və danışmağa ehtiyacı var”.

Aktyor daha öncə CNN-ə müsahibəsində də “rollarının içində itib-batdığını” və bunu ilk dəfə “Wire” filmindəki rolunu oynayan zaman hiss etdiyini deyib.

“Ən yaxşı filmlər sizə hisslər yaşadan, güldürən, ağladan, sizi qəzəbləndirən, həzz verən və daha çox istəməyinizə səbəb olan filmlərdir”, – aktyor CNN-ə müsahibəsində deyib.

Komediya ustası Ellen DeGeneres-in şousunda isə Jordan bu rol üçün həm də çoxlu bədən məşqi etdiyini, hətta filmin çəkilişlərinin başlanmasından bir neçə ay əvvəldən öz bədən quruluşu üzərində işləməyə başladığını deyib.