Dağlıq Qarabağdakı separatçı rejim humanitar yardımların çatdırılması üçün Ağdam yolundan istifadəyə razı olub.
Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, eyni zamanda qəbul edilən qərara görə, Laçın dəhlizi ilə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə humanitar yüklərin daşınması bərpa ediləcək.
Separatçılar bunu belə izah ediblər ki, məqsədləri 'total blokada şəraitində kəskin humanitar böhranı yüngülləşdirmək olub'.
Rusiya elan edib ki, Ağdm yolu ilə Qarabağa humanitar yardım göndərir.
Azərbaycan tərəfi hələ ki bu haqda açıqlama verməyib.
Bundan öncə bildirilmişdi ki, Azərbaycanın göndərdiyi 40 ton undan ibarət humanitar yardım Ağdamda dayanıb. Separatçılar onu qəbul etməkdən imtina ediblər.
Ermənistanın və Fransanın göndərdiyi humanitar yardımı isə Azərbaycan Laçın dəhlizindən buraxmırdı. Bildirirdi ki, onun icazə olmadan Qarabağa heç kəs özbaşına yardım göndərər bilməz.
+++
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Reuters”ə müsahibəsində razılaşmanın əldə olunduğunu təsdiqləyib. O əlavə edib ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələri yerində qalacaq.
Hacıyev sonradan açıqlamasına belə aydınlıq gətirib ki, “bu ayrı razılaşmadır, (Beynəlxalq Qırmızı Xaç)ın göndərişləri üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır”.
“Rusiya Qırmızı Xaçının göndərdiyi ərzaq yardımı Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya olunaraq Ağdam-Əsgəran yoluyla Xankəndiyə gedəcək”, – Hacıyev X (əvvəlki Twitter) platformasında yazıb.
Bakı Ağdam yolundan Laçın dəhlizinə alternativ kimi istifadəni təklif edir. Qarabağdakı separatçı rejim isə iddia edir ki, Bakı bununla regiona göndərilən yardımlar, region üzərində nəzarəti bərpa etməyi hədəfləyir.
Hacıyev deyib ki, bu yoldan istifadə Qarabağdakı etnik ermənilər üçün “Azərbaycanın digər hissələri ilə kommunikasiya qurmaq fürsətidir”.
Bakı Laçın yolunu, Qarabağı blokadaya almadığını bildirir, yardım daşınması üçün alternativ Ağdam yolunu təklif edir.
Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Cozep Borrel (Joseph Borrel) sentyabrın 9-da X media platformasında yazıb ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində “Laçın dəhlizinin indi yenidən açılmalı olduğunu” vurğulayıb. “Ağdam kimi digər yolla isə həll yolunun tərkib hissəsi kimi açıla bilər, alternativ olaraq deyil”.
Sizin brauzer HTML5-i dəstəkləmir
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.