Ermənistan sentyabr əməliyyatlarında Qarabağda ölənlərin sayını açıqlayıb

Xankəndi kənarında döyüş. 19 sentyabr 2023

2023-cü il sentyabrın 19-u və 20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlarda qarşı tərəfdən 223 nəfər həlak olub. Onlardan 25 nəfəri, beşi azyaşlı olmaqla, dinc sakinlərdir. 20 nəfər itkin düşüb.

Bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Karamyan İctimai Televiziyaya müsahibəsində deyib.

Bildirildiyinə görə, sentyabrın 25-də Qarabağda yanacaq anbarının partlaması nəticəsində isə daha 218 nəfər həlak olub, 21 nəfər itkin düşmüş sayılır.

Azərbaycan tərəfi sentyabrın 19-20-də gedən "antiterror" əməliyyatları zamanı 204 hərbçisinin və bir mülki şəxsin həlak olduğunu açıqlamışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. 2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.