Oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində təmizlənməyən ərazidə mina partladığı, ölən və yaralananın olduğu bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel"in sürücüsü Famil Əbilov həlak olub. "KamAZ"ın sürücüsü Namaz Bayramovun isə xəsarət aldığı açıqlanıb.
Mina partlamalarının statistikası
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 60-dan çox vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi bir sıra rayonlara (Füzuli daxil) aid minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.
Xatırlatma
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.