Minsk qrupu Qarabağ referendumunun nəticələrini tanımayacaq

Münhendən alınan xəbərlərdə deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (Birləşmiş Ştatlar) Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ayrı-ayrılıqda və birlikdə görüşlər keçiriblər.

Bu görüşlərdə ATƏT sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Həmsədrlərin görüşlərində təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca hazırkı vəziyyət müzakirə edilib.

Minsk qrupunun bəyanatında deyilir ki, həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını bir daha xatırladıblar.

Onlar tərəfləri “istər bilavasitə təmas xətləri boyunca, istərsə də ictimaiyyət üçün bəyanatlarında təmkin nümayiş etdirməyə və əhalini müharibəyə yox, sülhə hazırlamağa çağırıblar”.

Həmsədrlər habelə 1994/1995-ci ilin atəşkəs razılaşmalarına əməl etməyi tövsiyə ediblər.

Həmsədrlər Minsk qrupuna daxil ölkələrin 2011-ci ildə Dovil şəhərində verdikləri birgə bəyanatı da xatırladıblar.

Həmin bəyanatda deyilirdi ki, münaqişədə gücdən istifadə edilməsi daha çox iztiraba və dağıntıya səbəb ola bilər və beynəlxalq birlik tərəfindən pislənəcək.

Həmsədrlər tərəflərin 2016-cı il Vyana və Sankt Peterburq sammitlərində qəbul olunmuş qərarların yerinə yetirilməsinin vəziyyəti barədə rəylərini dinləyiblər.

Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri daha böyük açıqlıq göstərməli və davamlı sülhün əldə olunması üçün sazişin əldə edilməsi məqsədilə danışıqları bərpa etməlidirlər.

Həmsədrlər habelə bu yaxınlarda Ermənistan tərəfinin həlak olmuş Azərbaycan əsgərinin meyitini qaytarmasını xoş məram jesti kimi təqdir ediblər.

Öz növbəsində iki ölkənin nazirləri beynəlxalq humanitar öhdəliklərinə bağlı olduqlarını bir daha təsdiqləyiblər.

Həmsədrlər Dağlıq Qarabağda 2017-ci il, fevralın 20-də “konstitusuya referendumu” adlanan səsvermənin keçiriləcəyindən xəbərdar olduqlarını da bildiriblər.

Bəyanatda deyilir ki, “həmsədrlər Dağlıq Qarabağın de facto hakimiyyətinin belə bir prosedurdan istifadəyə ictimai həyatın təşkil edilməsi cəhdi kimi baxdığını qeyd etsələr də, onlar bir daha vurğulayıblar ki, Dağlıq Qarabağı Ermənistan və Azərbaycan da daxil heç bir ölkə müstəqil və suveren dövlət kimi tanımır”.

“Buna müvafiq olaraq həmsədrlər fevralın 20-də keçiriləcək referendumun nəticələrinin Dağlıq Qarabağın statusuna təsir edəcəyini qəbul etmirlər” – deyilir bəyanatda.

Həmsədrlər həmçinin qeyd edirlər ki, referendum nəticələrinin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə və ya Dağlıq Qarabağ münaqişəsini həll etməli olan danışıqların nəticələrinə heç bir şəkildə təsiri olmayacaqdır.

Xəbər verilir ki, həmsədrlər regiona mart ayında səfər etməyi planlaşdırırlar.