Noyabrın 3-ü Azərbaycan futbol klublarından «Qarabağ» və «Qəbələ» Avropa Liqasında növbəti oyunlarını keçirəcək.
«Qarabağ» səfərdə Yunanıstanda PAOK klubu ilə həlledici görüşə çıxacaq. Bundan əvvəl Bakıda keçirilən oyunda «Qarabağ» 2:0 hesabı ilə üstün olub. Ağdam təmsilçisinin 3 oyundan sonra 4 xalı var.
«BİZİ NƏ QƏDƏR MÜDAFİƏDƏ OYNAMAĞA MƏCBUR ETSƏLƏR...»
Qarşılaşmadan öncə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib ki, meydana qələbə məqsədi ilə çıxacaqlar: «Oyunun gedişində hər şey ola bilər. Ümumi götürsək, əsas hədəfimiz məğlub olmamaqdır. Rəqib Bakıda gördüyümüz komandadır. Sadəcə, ev matçlarında daha fərqli, aqressiv olacaqları şübhəsizdir. Bizi nə qədər müdafiədə oynamağa məcbur etsələr, o qədər müdafiə olunacağıq. Bununla belə, hücum qurub, topa sahib olmağa çalışacağıq. PAOK çox sıx oynayan komandadır. Hücumlar qurmalıyıq. Matçın əvvəlindəki təzyiqdən çıxmağa çalışacağıq».
«TOP-ÇEMPİONATLA ARAMIZDA ÇOX BÖYÜK FƏRQ VAR»
«Qəbələ» isə qrupda keçirdiyi 3 görüşün hamısında məğlub olub. Bu dəfə o, Fransanın «Saint Etienne» klubunu qəbul edəcək.
«Qırmızı-qaralar»ın baş məşqçisi Roman Hrygorchuk isə oyundan öncə deyib ki, hələ də qrupdan çıxmaq istəkləri qalır: «Amma hər şeyə real yanaşmaq lazımdır. Top-çempionatın təmsilçisinə qarşı oynayacağımızı yaxşı başa düşürük. Bizim qrupa düşməyimiz özlüyündə möcüzədir. Əgər 1/16 finala çıxsaq, bizimlə eyni qrupda mübarizə aparan «Anderlecht», «Saint Etienne», «Mainz» kimi komandalar nə etsin? «Krasnodar» və PAOK səviyyəsində rəqiblərlə başabaş oynamışıq. Lakin top-çempionatla aramızda çox böyük fərq var. Asanlıqla təslim olacağımızı demirəm. Ancaq bunun möcüzə olduğunu da etiraf etməliyik. Bunu gerçəkləşdirməyə çalışacağıq. Futbolçulara UEFA Avropa Liqasında gözəl təcrübə qazandığımızı izah edirəm. Belə qrupda xal toplasaq, fenomenal nəticə olacaq».
«Qəbələ» (Azərbaycan) – «Saint Etienne» (Fransa) oyununun start fiti «Bakcell Arena»da Bakı vaxtı ilə 22:00-da, PAOK (Yunanıstan) – «Qarabağ» (Azərbaycan) oyununun isə «Tumba» stadionunda saat 00:05-də veriləcək.