Ruben Vardanyanın da həbs müddəti artırılıb

Ruben Vardanyan

Qarabağdakı tanınmayan qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

"Turan"ın məlumatına görə, mayın 16-da Səbail rayon Məhkəməsi cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını təmin edib.

Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 5 ay uzadılıb.

R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Qərara, hələlik, Vardanyanın özündən və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma o, ittihamları qəbul etmir. Müdafiə tərəfi ötən ay onun aclıq aksiyası keçirdiyini, özünün və Qarabağda digər həbs olunanların azadlığı buraxılmasını tələb etdiyini açıqlamışdı. Sonradan ailəsinin bəyanatında vurğulanırdı ki, Vardanyanı səhhətinin pisləşməsi və saxlanma şəraiti ilə əlaqədar aclığı dayandırmağa razı sala biliblər.

Azərbaycanın rəsmi qurumları onun aclıq aksiyası keçirməsini nə təsdiq, nə də təkzib etmişdilər.

Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan

Qarabağ separatçılarının liderlərinin həbs müddəti artırılıb

Ötən il Qarabağda saxlanaraq Bakıya gətirilən separatçı qurumun bəzi liderlərinin həbs müddəti artırılıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mayın 15-də yayılan məlumatında bildirilir.

Açıqlamaya görə, həmin qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri barəsində həbs-qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Vəsatət Binəqədi rayon Məhkəməsində təmin edilib: "... Ümumilikdə 15 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb".

Hələlik, bu qərara sözügedən şəxslərin və ya vəkillərinin münasibətləri bəlli deyil. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan həmin şəxslər terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və başqa qanunsuz əməllərdə ittiham olunurlar.

Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. İndi haqqında bəhs edilən şəxslər də həmin vaxt saxlanaraq Bakıya gətirilmişdilər.