Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 30-da Milli Assambleyada 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycanla sülh planından bəhs edib. O deyib ki, Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülhün üç əsas prinsipi razılaşdırılıb: "Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 600 kvadrat kilometr olduğunu başa düşməklə".
Ermənistan baş naziri əlavə edib ki, ikinci prinsipə görə, Almatı bəyannaməsi (1991) dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır: "Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir".
O vurğulayıb ki, tərəflər bu razılaşdırılmış prinsiplərə sadiqliyi qoruyub saxlasalar, sülh sazişinin imzalanması reallaşacaq.
"Sülh sazişinin əksər bəndləri razılaşdırılıb"
Elə həmin gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da AZƏRTAC-a bildirib ki, ölkəsi sülh müqaviləsinin imzalanmasında israrlıdır və təklifləri qüvvədədir: "Bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bugünə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır".
"Üç məsələnin ən azından ikisi..."
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə "Turan"a deyib ki, Paşinyanın açıqlaması natamamdır və birtərəflidir: "Çünki bir müddət bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın bənzər açıqlamasına verdiyi cavabdan belə bir nəticəyə gəlmək olar ki, məsələ heç də Paşinyanın dediyi kimi deyil. Yəni, onun səsləndirdiyi üç məsələnin ən azından ikisi Azərbaycanla razılaşdırılmayıb. Bunlar sərhədlərin delimitasiya, demarkasiya məsələsi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi rəqəmlərdir".
Deputatın sözlərinə görə, kommunikasiyaların açılması məsələsi də sual altındadır: "Çünki oktyabrın 30-da prezident İlham Əliyev İran üzərindən Naxçıvana yeni yolun inşası ilə bağlı sərəncam imzalayıb".
"İndi mübahisə yaradan məsələ..."
Siyasi şərhçi Nəsimi Məmmədli bir qədər fərqli düşünür. "Bu, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin kommunikasiyaların açılması ilə bağlı məsələlərdir. Bu üç prinsip ətrafında ümumi razılıq var, amma bunun detalları ilə bağlı fikir ayrılığı var", - o, AzadlıqRadiosuna bildirib. Onun deməsinə görə, indi əsas mübahisə anklavlarla bağlıdır.
Məmmədlinin fikrincə, Azərbaycan hazırda nə Rusiya, nə də Brüssel formatı ilə danışıqlar prosesinin aparılmasında maraqlı görünür: "Çünki hər iki tərəfinin bölgədə özünəməxsus geosiyasi maraqları var və bu maraqlar bəzi hallarda Azərbaycanın maraqları ilə toqquşur. Ona görə də Gürcüstan vasitəsilə bunu etmək daha məqsədəuyğundur".
Politoloq ilin sonuna kimi sülh müqaviləsinin bağlanmasının mümkün olacağını düşünmür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.