'Büdcə xərcləmələri ilə bağlı yeni qanuna ehtiyac var'

Prezident İlham Əliyev Şuşada Hotel və Konfrans Mərkəzinin təməlqoyma mərasimində.

Prezident İlham Əliyev avqustun 17-də Kəlbəcər şəhərində tikinti, təmir, bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə ehtiyat fondundan "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsə 80 milyon manat ayırıb.

İşğaldan azad edilən bölgələrdə tikinti və quruculuq işləri üçün indiyədək dövlət büdcəsindən 6.4 milyard manat ayrılıb. Konkret olaraq bu il hətta dövlət büdcəsində dəyişiklik edilərək işğaldan azad olunmuş ərazilərin bərpası üçün nəzərdə tutulmuş vəsaitin məbləği artırılıb. İndi isə Prezidentin ehtiyat fondundan Kəlbəcərin bərpasına əlavə 80 milyon manat ayrılır.

Buna da bax: Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...

"Tam şəffaf şəkildə həyata keçirilir"

Dövlət büdcəsindən Qarabağda bərpa işlərinə milyardlarla manat ayrılırsa, Prezidentin ehtiyat fonduna nədən üz tutulur və bütün bu proses zamanı şəffaflığa əməl edilirmi? Bu sula Nazirlər Kabineti və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, Qarabağda görülən işlərin həcminin artırılması, quruculuq-bərpa işlərinin daha da sürətlənməsi ən ali məqsədlərdən birinə qulluq edir: "Həmin məqsəd soydaşlarımızın ora köçməyidir. Artıq köç gedir, bugünlərdə yeni ailələr Füzuliyə köçdü. Amma bu ailələrin Qarabağa köçməsi üçün böyük işlər aparılıb: təhlükəsizlik təmin olunub, ərazilər minalardan təmizlənib, yol infrastrukturu qurulub, kommunal xidmətlər bərpa olunub".

A.Hüseynov

Deputatın sözlərinə görə, görülən işlər həm sürət, həm də keyfiyyət baxımından çox yaxşıdır: "Sürətli iş getməsi üçün əlavə vəsaitlər lazımdır. Mən tam əminəm ki, Qarabağda görülən işlər tam şəffaf şəkildə həyata keçirilir, oradakı işlərə cəlb olunan şirkətlər bunun üçün öz töhfələrini verirlər. Gələn il də Qarabağda bərpa və quruculuq işlərin görülməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması, bundan əlavə investisiyaların cəlb edilməsi nəzərdə tutulur".

"Vəsait büdcədən ayrılsaydı..."

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, bu il dövlət büdcəsinə dəyişikliklər edilib və işğaldan azad olunmuş ərazilərin bərpası üçün əlavə vəsaitlər nəzərdə tutulub: "Amma burada bir detal var ki, büdcə təsdiqlənərkən o layihələrin istiqamətləri orada qeyd olunur. Çox güman ki, hansısa yeni layihələrin həyata keçirilməsi üçün prezidentə məruzə olunub və prezident də ehtiyat fondundan əlavə vəsaitlərin ayrılması üçün sərəncam verib. Çünki bu vəsait büdcədən ayrılsaydı, büdcə zərfinə yenidən dəyişiklik edilməli idi və zaman tələb olunacaqdı".

Buna da bax: Qarabağa ayrılandan daha çox vəsait xərclənib

O xatırladır ki, Prezidentin ehtiyat fondu qanunla nəzərdə tutulsa da, fondun vəsaitlərinin hansı formada və necə xərclənməsi ilə bağlı məlumat verilmir: "Nazirlər Kabinetinin da ehtiyat fondu var. Oradan da bəzən vəsaitlər ayrılır, amma onunla da bağlı ictimaiyyətə detallı heç bir məlumat verilmir. Bu, illərdir davam edən şəffaflıqla bağlı institusional bir problemdir. Ümumiyyətlə, şəffaflıqla bağlı ciddi problemlər var, amma məhz Prezidentin ehtiyat fondu ilə bağlı bu problemlər daha dərindir, çünki ayrılmış vəsaitlərin istiqamətləri və xərclənməsi ilə bağlı məlumatlar ictimaiyyətin rastına çıxmır".

N.Cəfərli hesab edir ki, Qarabağda gedən bərpa işləri ilə bağlı xərcləmələrdən şəffaflıq gözləmək əbəsdir: "Nə zaman bizdə 30 illik müstəqillik dövründə büdcə xərcləmələri ilə bağlı şəffaflıq olub ki, məhz Qarabağdakı xərclənən vəsaitləri ilə bağlı şəffaflığı gözləyək?".

N.Cəfərli

İqtisadçının fikrincə, bu tendensiya dəyişməlidir və büdcə zərfinin formalaşması, büdcə xərcləmələri ilə bağlı yeni qanuna ehtiyac var: "Bu qanunda büdcə xərcləmələrinin istiqamətləri ilə bağlı məlumatın verilməsi məcburi olmalıdır".

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəsinə qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, Azərbaycan tədricən işğaldan azad edilən ərazilərdə məskunlaşmaya başlayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumata görə, ümumilikdə indiyə kimi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-dən çox keçmiş məcburi köçkün ailəsi (2 mindən çox insan) daimi məskunlaşdırılıb. Prosesin 2026-cı ildən sonra sürətlənməsi gözlənir.