Qarabağ müharibəsi iştirakçısı: 'Rayonlara gedəndən sonra onlara təzyiqlər olur'

İkinci Qarabağ müharibəsi iştirakçıları Nazirlər Kabinetinin qarşısında

İyulun 20-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib, veteranlıq statusu və medalların verilməsini tələb ediblər.

Aksiya iştirakçılarından Mahir Abbasov bildirib ki, məsələ ilə bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət ediblər, lakin onlardan "döyüş əmri" istənilib: "Gedib hərbi hissədən "döyüş əmri"ni götürmüşük, əlimizdədir. İndi isə deyirlər ki, sən döyüşdə olmamısan, arxada olmusan. Adım əvvəl siyahıda olsa da, sonradan çıxarılıb, deyiblər ki, korpusdan imtina gəlib".

Ehtiyatda olan zabit Cahangir Kərimov deyib ki, Müdafiə Nazirliyində veteranlıq məsələsi ilə bağlı qəbulda olublar, orada onlara məsələnin Nazirlər Kabinetində səlahiyyətində olduğunu bildiriblər: "Dedilər ki, 44 günlük müharibə ilə bağlı qərara əlavə edilməlidir, bundan sonra veteranlığı ala biləcəyik".

"Polis rəisləri onları çağırırlar"

Aksiya iştirakçılarının sözlərinə görə, medal və fəxri fərmanlar alan, amma veteranlıq statusunu ala bilməyən müharibə iştirakçıları da var. Onlar artıq bir neçə belə aksiyalar keçirdiklərini, həmin aksiyalara rayonlardan da müharibə iştirakçılarının qoşulduğunu deyiblər: "Rayonlara gedəndən sonra onlara təzyiqlər olur. Polis rəisləri onları çağırırlar və haqlarını tələb etdiklərinə görə 15-20 sutkalıq həbs edirlər".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov “Turan”a bildirib ki, təzyiq və həbslə bağlı iddialar əsassızdır: "Vətən Müharibəsi iştirakçıları qayğı ilə əhatə olunublar, onları narahat edən hansısa problemlərlə bağlı onlar polis orqanlarına dəvət olunur, izahatları alınır və şikayətlərin aidiyyəti qurumlara göndərilməsi təmin edilir".

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən və Nazirlər Kabinetindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr atəşkəs bəyanatına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.