Qarabağda nə baş verir?

Ermənistanın baş naziri Nikol Pashinian (solda) və separatçı Qarabağ rejiminin başçısı Bako Sahakian

Tofiq Zülfüqarov: “Yəni, bu, teatral səhnəcikdir, qurublar”

Martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağda Ermənistan təhlükəsizlik şurasının toplantısını keçirməlidir. Bu, Azərbaycanda narazılıqla qarşılanıb. Hətta sosial mediada hökuməti radikal addım atmağa çağıranlar da olub. Rəsmi Bakı buna hələlik, reaksiya verməyib. Azərbaycanda isə Silahlı Qüvvələrin əvvəldən planlaşdırılmış genişmiqyaslı təlimləri keçirilir.

AzadlıqRadiosunun erməni xidməti Ermənistan təhlükəsizlik şurasının iclasının niyə Qarabağda keçirildiyi haqda açıqlama verilmədiyini yazır, eyni zamanda qeyd edir ki, toplantıda münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı da müzakirə edilə bilər.

Həmsədrlər bəyanatda tərəfləri “guya situasiyanın əhəmiyyətli dərəcədə dəyişdiyini bildirən, habelə gələcək danışıqların nəticələri barədə indidən hökm verən, qarşı tərəflə razılaşma olmadan formatın birtərəfli dəyişdirilməsini tələb edən və ya döyüş əməliyyatlarının bərpasına hazırlıq bildirən bəyanat və hərəkətlərdən çəkinməyə” çağırmışdılar.

Şahin Cəfərli: “Pashinian Qarabağ kartını rəqiblərinin əlindən almağa çalışır”

Politoloq Şahin Cəfərli Nikol Paşinyanın təhlükəsizlik şurasının toplantısını Dağlıq Qarabağda keçirməkdə bir neçə məqsədi olduğunu düşünür:

“Əvvəla, son həftələrdə Paşinyanın Dağlıq Qarabağ məsələsində bir az radikallıq nümayiş etdirməsi müşahidə olunur və bu da Ermənistanın daxilindəki proseslərlə bağlıdır. Qarabağ klanı devrildikdən sonra son parlament seçkilərində də məğlub oldu və yeni parlamentdən kənarda qaldı. Yəni faktiki olaraq, Qarabağ klanı, köhnə Sarkisian rejimi və müttəfiqi olan daşnaklar siyasi sistemin xaricində qaldılar. Onların qısa müddətdə revanş etməsi üçün ən sınanmış vasitə Qarabağ kartıdır. Ona görə də Qarabağ kartı ilə manipulyasiya edərək qısa vaxtda siyasi səhnəyə qayıda bilərlər”.

Politoloq düşünür ki, sözügedən təhlükəni görən Pashinian Qarabağ kartını rəqiblərinin əlindən almağa, bu məsələdə daha radikal mövqe nümayiş etdirməklə opponentlərini neytrallaşdırmağa çalışır.

Şahin Cəfərli

“Pashinianın daha bir niyyəti var”

Şahin Cəfərli Nikol Pashinianın daha bir niyyəti olduğunu da güman edir. O, danışıqlar prosesi başlayacağı halda Madrid prinsiplərinin gerçəkləşdirilməsinin tələb olunacağını deyir:

“Onda Ermənistandan konkret güzəştlər tələb olunacaq. Mən hesab edirəm ki, bu cür radikallıq nümayiş etdirməklə Pashinian danışıqlar öncəsi öz mövqelərini möhkəmləndirmək istəyir. Yəni daha kompromissiz mövqe göstərməklə ondan tələb olunacaq güzəştlərə gedə bilməyəcəyini qabaqcadan vasitəçilərə nümayiş etdirmək niyyətindədir. O, Qarabağ məsələsində güzəştə gedərsə devrilmək təhlükəsi var”.

Buna da bax: Pashinian Qarabağda Ermənistan təhlükəsizlik şurasının iclasını keçirir

Tofiq Zülfüqarov: “…Bəs sənin oğlun orda neyləyir?..”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın daha əvvəl də işğal edilmiş ərazidə buna bənzər addımlar atdığını xatırladır. Yerevanın budəfəki niyyəti haqqında isə deyir:

“Ermənilər istəyirlər göstərsinlər ki, artıq bir qüvvə, siyasi faktor əmələ gəlib, bu da işğalçı administrasiyadır. Görüşdən qabaq beynəlxalq aləmə göstərmək istəyirlər ki, onların rəyi vacibdir və onlar danışıqlar prosesinin bərabərhüquqlu üzvü olmalıdırlar. Yəni, bu, teatral səhnəcikdir, qurublar”.

O, səfər çərçivəsində Nikol Pashinianın hərbi xidmətdə olan oğlu ilə görüşməsinə də toxunur:

“Ermənistanın qondarma respublikanın işlərində iştirak etmək hüququ, səlahiyyəti yoxdursa, bəs sənin oğlun orda neyləyir? Bəs minlərlə Ermənistan əsgəri orda neyləyir? Bəs işğalçı administrasiyaya maliyyə hardan gəlir? Yenə deyirəm, bu, siyasi səhnəcikdir, həm beynəlxalq, həm də daxili ictimaiyyət üçün istifadə edirlər”.

“Pashinian seçim qarşısındadır”

Tofiq Zülfüqarovun qənaətincə, Ermənistan baş nazirinin son bir ildə “daha sərt, kompromissiz bəyanatları” ona gətirib çıxardı ki, həmsədrlər danışıqların mahiyyətini və əsas prinsiplərini açıqlamağa, müzakirələrin məhz hansı prinsiplər əsasında davam edəcəyini deməyə məcbur qaldılar.

Tofiq Zülfüqarov

Keçmiş nazir həmsədrlərin son bəyanatını nəzərdə tutur. Rəsmi Bakı kimi Tofiq Zülfüqarov da ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını Ermənistana siqnal kimi dəyərləndirir:

“Pashinian seçim qarşısındadır. O, həmsədrlərin dediyi çərçivədə danışıqlar aparmalıdır. Ermənistanın danışıqlardan imtina edəcəyini istisna etmirəm. Amma bu vəziyyət Azərbaycan üçün də məqsədəuyğundur. Vəziyyət aydınlaşmalıdır”.

Həmsədrlərin bəyanatında Azərbaycanın maraqlarına cavab verməyən məqam?

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı haqda danışan Tofiq Zülfüqarov ordakı prinsiplərin Ermənistanın maraqlarına zidd olduğunu deməklə yanaşı Azərbaycanın da xeyrinə olmayan məqamların mövcudluğunu qeyd edir:

“Mən bu məqamlar üzərində dayanmayacağam. Amma orda danışıqlarla bağlı məzmun açıqlanıb və hesab edirəm ki, bu, bizim xeyrimizədir. Orda əsas məqam mərhələli sülh prosesidir, işğal olunmuş torpaqların azad edilməsidr. Bu, bizim maraqlarımıza uyğundur”.

Şahin Cəfərli həmsədrlərin bəyanatında Azərbaycanın xeyrinə bir məqam görmədiyini, sadəcə, hər iki tərəfə mesajlar olduğunu bildirir.

“Pashinian son bəyanatlarda deyir ki, danışıqlarda Dağlıq Qarabağ ermənilərini təmsil edə bilməz. Ona görə də formatın dəyişdirilməsini, Dağlıq Qarabağ ermənilərinin danışıqlara cəlb edilməsini istəyir. Həmsədrlərin bəyanatında isə bildirilib ki, format dəyişə bilməz, proses bu formatda və Madrid prinsiplərinin əsasında davam edəcək. Burda Azərbaycana da işarə var ki, Madrid prinsiplərində müddəaların hər hansı birini önə çıxarmaq olmaz. Azərbaycan ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini tələb edir, bu Madrid prinsiplərində olsa da, həmsdərlər Bakıya mesaj verirlər ki, prinsiplər yalnız bundan ibarət deyil, müddəalara bütöv halında baxmaq lazımdır”.

Buna da bax: XİN: ‘Minsk Qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır’-yenilənib

Dağlıq Qarabağdakı separatçı rejimin sözçüsü Azatutyuna deyib ki, sözügedən bəyanatda Qarabağ erməni icmasının danışıqlarda iştirak etməli olmadığı barədə heç nə deyilməyib və söhbət yalnız formatın dəyişməz olduğundan gedib.

Azərbaycan Xarici İşlər Nazirliyi-nin açıqlamasında qeyd olunurdu ki, Minsk Qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır:

“Biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.