Keçmiş döyüşçülərin şikayətləri var...

Qarabağ müharibəsi iştirakçılarının aksiyası

Bu gün, iyunun 1-də Qarabağ müharibəsinin bir qrup keçmiş iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar.

Onlardan özünü Nazim Cavadov kimi təqdim edən şəxs deyib ki, müharibədən qayıdandan sonra işsizdir. Həmin şəxs qeyd edib ki, əvvəl "Azərişıq" ASC-də işləyib, Qarabağdan qayıdandan sonra onu iş yerinə bərpa etməyiblər.

Jurnalistlərin suallarına cavab verən keçmiş müharibə iştirakçıları özünüməşğulluq proqramından ötrü müraciət etsələr də, bu məsələnin həll olunmamasından danışıblar.

Şikayətçilər dövlətin onlara sahib çıxmamasından gileyləniblər. "Bu ölkə varlılarındır. Onlar at oynadır, kasıblar isə Qarabağda bayraq qaldırıb, sonra acından ölürlər", - şikayətçilərdən biri vurğulayıb.

Daha sonra şikayətçilər nazirliyə dəvət ediliblər. Onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul ediblər.

Şikayətlərə, hələlik, bu nazirlikdən və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl nazirlikdən bildirilib ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qul bazarı'na çıxan müharibə iştirakçısı

Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri- və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər.

Xatırlatma

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi, minlərlə şəxsin isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.