...Özünü yandırdığı deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ qaziləri niyə özlərinə qəsd edir?

İyunun 2-də Biləcəri qəsəbəsində Birinci Qarabağ müharibəsində sağlamlığını itirdiyi deyilən Məhəmmədəli Hacıyevin özünü yandırmağa cəhd etdiyi bildirilir.

M.Hacıyevin yaxınları "Turan"a bildirib ki, o, 1-ci qrup əlildir və qəsəbədə açdığı kiçik bir köşkdə meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb: "Bu gün, iyunun 2-də isə rayon icra hakimiyyətinin nümayəndələri və polislər gələrək orada meyvə-tərəvəzi sata bilməyəcəyini, obyekti qanunsuz işlətdiyini deyiblər. Nəticədə isə Məhəmmədəli özünə benzin tökərək yandırdı".

M.Hacıyevin yaxınları qeyd edib ki, o, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Hələlik, xəstəxana ilə danışmaq mümkün olmayıb.

İcra hakimiyyətinin mövqeyi

Məsələyə Binəqədi rayon İcra Hakimiyyətindən də mövqe bildirilib. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva "Turan"a deyib ki, iyunun 2-də Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədəli Hacıyev qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib: "Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir. Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatlar törətmişdir".

Azərbaycanda bundan əvvəlki illərdə də keçmiş döyüşçülərin oxşar şikayətlər üzündən canına qəsd etdiyi bildirilir. Hərçənd, rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə Qarabağ müharibəsində sağlamlığını itirən şəxslərə və ya həlak olanların ailələrinə hər cür dövlət qayğısı var.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Həmin vaxt 16 min civarında insanın həlak olduğu, minlərlə şəxsin yaralandığı bildirilir.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbçi itirdiyi, minlərlə şəxsin isə yaralandığı deyilir.