Qarabağa dair '5 rayon' söhbəti

K.Zatulin

Bu günlərdə (noyabrın 18-də) Rusiyanın birinci telekanalında aparıcı Vladimir Poznerlə Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağ münaqişəsini də müzakirə ediblər.

«Bu həllin əsasında kompromis var. Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmayıb, amma o, mövcuddur və yaşayır. Və sizə deyim ki, o, heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq», - K.Zatulin deyib.

Onun fikrincə, rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır, əvəzində isə Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i Azərbaycana qaytarılmalıdır.

Buna da bax: Zatulin: Azərbaycan Qarabağı tanımalı, Laçın-Kəlbəcəri də verməlidir

«90-cı illərdəki siyasətə qayıtmaq olmaz»

Deputat Zahid Oruc «Turan» agentliyinə deyib ki, K.Zatulin-i müəyyən qədər Kremlin strateqlərinin hansısa formada idarə etdiyi şübhə doğurmur. Deputat görə, amma bu, bütün Rusiya siyasətini əhatə etmir: «Zatulini bütövlükdə Rusiyanın və ya prezident Vladimir Putinin danışan dili, hər addımını isə Rusiyanın mövqeyi adlandırmaq çox yanlış olar. Əksinə, Rusiyada elə dairələr var ki, bunun belə görünməsini istəyirlər ki, Rusiya-Azərbaycan münasibətləri pisləşsin. Həmin soyuqlaşan əlaqələrin yerində başqa dövlətlərin maraqları bərqərar olsun».

Deputat vurğulayıb ki, Rusiya ilə münasibətlərdə XX əsrin 90-cı illərindəki siyasətə qayıtmaq olmaz.

Z.Oruc Rusiyadan olan deputatın 7 rayondan 5-inin Azərbaycana qaytarılması barədə fikrinə də münasibət bildirib: «İndiki halda rayonların qaytarılması Rusiyanın planına daxildirmi ki, Zatulin 5 və 7 rayon arasında Moskvadan edilə biləcək güzəşt planını anons edib? Mən elə düşünmürəm».

Z.Oruc

«Rusiya səbirlə gözləyir»

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya tərəfindən cəzalandırılacağı ilə bağlı Azərbaycanda hakimiyyətə yaxın bəzi dairələrdə ifadə edilən təxminlərə gəlincə, Z.Oruc bunları deyib: «Rusiya səbirlə gözləyir. N.Paşinyanın sürətlə iflasını hazırlayır. Rusiyanın Dağlıq Qarabağın həlli planını Zatulinin diliylə səsləndirməsinə ehtiyac yoxdur. Bağlı qapılar arxasında Rusiya prezidenti V.Putin və Azərbaycan prezidenti İ.Əliyevin danışıqları, iki dövlət arasında hərtərəfli əlaqələrin inkişafı onsuz da Ermənistanın ziyanına işləyir».

«Rusiya ilə konfrontasiyaya getməmək, əlaqələri...»

Deputatın fikrincə, uzun on illər Cənubi Qafqazda vəziyyət Rusiya-Ermənistan münasibətlərindən asılı olub.

Buna da bax: 'Paşinyanın mövqeyi ilə Rusiyanın mövqeyində fərq yoxdur'


Z.Oruc hesab edir ki, indi isə bu regiondakı geopolitik, geoiqtisadi, hətta hərbi durum Rusiya-Azərbaycan münasibətlərindən qaynaqlanır: «Ondan asılıdır, onun vasitəsilə müəyyən edilir. Ona görə də zatulinlərə ən yaxşı cavab bu münasibətləri kəsməmək, Rusiya ilə konfrontasiyaya getməmək, əlaqələri daha da gücləndirməkdir».

«Zatulin Rusiya siyasətinin sözçüsü kimi danışır»

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bir qədər fərqli düşünür. O hesab edir ki, K.Zatulin Rusiya siyasətinin sözçüsü kimi danışır. İ.İsmayıla görə, K.Zatulinin belə danışmasının səbəbi isə Azərbaycan rəhbərliyidir:

İ.İsmayıl


«Zatulinin illərdir ki, bu siyasəti aparmasının səbəbi Azərbaycan rəhbərliyi tərəfindən ona «dişli» cavab verilməməsidir. Dövlət səviyyəsində Zatulinin dövlətinin başçısı V.Putinə etiraz bildirilməməsidir...».

«5 rayon» söhbəti

Ekspert deyib ki, «5 rayon» söhbəti Rusiya dövlətinin mövqeyidir və onlar bu fikri dəfələrlə səsləndirib, amma təəssüf ki, Azərbaycan səviyyəsində lazımı cavablar almayıblar: «Belə hesab edirəm ki, bu istiqamətdə Azərbaycan hakimiyyəti ortaya birmənalı məsələ qoymayıb. Qarabağ məsələsində Azərbaycan hakimiyyəti vətəndaşlarını ancaq aldatmaqla məşğuldur».

Buna da bax: Koçaryan Paşinyanı Azərbaycanla qorxudur

İ.İsmayıl vurğulayıb ki, Rusiya heç də N.Paşinyanı cəzalandırmır: «Çünki Rusiyanın bütövlükdə Cənubi Qafqazı əlində tam saxlaması üçün «Qarabağ kartı» lazımdır. Amma yenə də ən böyük günah özümüzdədir ki, zatulinlərin cavabı zamanında təsirli şəkildə, yüksək səviyyədə verilmir».

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.