Ekspert: 'Qiymət artımı əsaslı görünmür'

Qatar

«Qatarla sərnişindaşımada qiymətlərin bahalaşdırılması mənə əsaslandırılmamış görünür». «Azərbaycan Dəmir Yolları» QSC-nin iyulun 27-dən biletləri 10% bahalaşdırmaq qərarını şərh edən iqtisadçı-ekspert Azər Mehtiyev belə deyir.

Onun fikrincə, buna ehtiyac yox idi: «Düzdür, Azərbaycanda sərnişindaşımada qiymətlər aşağıdır. Amma bunun o biri tərəfi də var ki, Azərbaycanda gəlirlər də aşağıdır, odur ki, indiki halda bunu etmək olmazdı. Yenə deyirəm ki, bu qiymət artımı mənə əsaslandırılmamış kimi görünür».

A.Mehtiyevin sözlərinə görə, qərarın əsassız olması şübhəsi daha çox bu tipli inhisarçı dövlət şirkətlərinin maliyyə fəaliyyətində şəffaflığın, vəsaitlərin necə xərclənməsi barədə məlumatın olmamasından, şirkətin qənaət imkanlarından nə dərəcədə istifadə edib-etməməsindən qaynaqlanır.

«Əgər bu şirkətlər belə qiymət atımlarına gedirlərsə, o zaman fəaliyyətlərində birinci şəffaflığı təmin etməlidirlər ki, vəsaitlərin necə xərclənməsi məsələsində şübhə yeri yaranmasın», - iqtisadçı söyləyir.

A.Mehtiyev yada salır ki, keçən ildən qiymətlərə yenidən baxmaq hüququ QSC-nin özünə verilib deyə, artıq qurumun statusu da dəyişib, yəni, o özəl şirkət olaraq dövlətin subsidiyalarından, maliyyə vəsaitlərindən imtina etməlidir, qazandığı gəlirlə yaşamalıdır.

Qiymət artımı yerli mətbuatda da tənqidlə qarşılanıb. Amma hələlik «Azərbaycan Dəmir Yolları» QSC tənqidlərə münasibət bildirməyib. QSC sadəcə, yalnız kupe və SV-lərdəki aşağı yerlərin qiymətinin artdığını bildirir.