Qətər Ukrayna uşaqlarının Rusiyadan qaytarılması üçün gizli vasitəçilik edirmiş

Valideyninə qaytarılmış qız

Beynəlxalq səhnədə kifayət qədər nüfuza malik Qətər Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri zorla Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların vətənlərinə qaytarılması üçün vasitəçilik edirmiş.

Reuters agentliyi Qətərin hökumət nümayəndələrinə istinadla yazır ki, bu məqsədlə yaradılmış yeni mexanizmdən istifadə olunmaqla artıq 7 yaşlı bir oğlan uşağını nənəsinə qovuşdurmaq mümkün olub.

Bu da xəbər verilir ki, bu həftə Rusiyaya aparılmış daha üç uşağın Ukraynaya qaytarılacağı gözlənilir.

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) məhz ukraynalı uşaqların zorla Rusiyaya aparılmasına görə prezident Vladimir Putinin həbsinə order verib.

Buna da bax: Maya Sandu: 'Rusiya daha Moldovanı qışın soyuğu ilə şantaj edə bilməyəcək'

19 min uşaq

Prokurorlar hesab edirlər ki, ukraynalı uşaqlar Rusiyaya qanunsuz aparılıblar. Moskva isə iddia edir ki, onları hərbi əməliyyatlardan qorumaq üçün Rusiyaya köçürüblər.

Ukrayna hökumətinin rəsmi məlumatına görə Rusiyaya valideynlərinin və qəyyumlarının icazəsi olmadan 19 min uşaq aparılıb və onlardan yalnız bir neçə yüzünü geri qaytarmaq mümkün olub.

Reuters yazır ki, Qətər, Rusiya və Ukrayna arasında danışıqlar artıq bir neçə aydır məxfi şəkildə davam etdirilir.

Bu da xəbər verilir ki, Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova da bu danışıqlarda iştirak edir. BCM onun həbsi üçün də order verib.

Qətər hökumətinin nümayəndəsi deyib ki, dörd uşağın Ukraynaya qaytarılması bu prosesin “yalnız başlanğıcıdır”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Xankəndi alındı, ölkədə daha nəyin dəyişməsini istərdiniz?

Lvova-Belova Qətər səfiri ilə görüşüb

RBK agentliyinin yazdığına görə Lvova-Belova Qətərin Rusiyadakı səfiri Əhməd bin Naser bin Casem ət-Tani ilə bu ilin iyulunda görüşüb.

Lvova-Belova bildirib ki, o səfirlə uşaqların ailələrinə qovuşdurulması məsələlərini müzakirə edib.

Reuters yazır ki, Ukrayna və Rusiya hökumətləri bu son xəbəri hələ ki şərh etməyiblər.

Ukrayna hakimiyyəti Rusiyanı ukraynalı uşaqları zorla aparmaqda və onların milli kimliyini yox etmək cəhdində ittiham edir.

Rusiya nümayəndələri isə bildirilər ki, valideynləri və ya doğmaları müraciət etdikləri təqdirdə uşaqları qaytarmağa hazırdırlar.

Onlar bunu da qeyd edirlər ki, onların bir çoxu uşaq evlərindən götürülüb.

Bundan başqa Vladimir Putin bu uşaqların aparıldığı regionlardan bəzilərinin Rusiyaya birləşdirildiyini elan edib.