Əliyev eksklavların taleyinə aydınlıq gətirir

İlk sərhəd dirəyi

"Düşünürəm ki, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir".

Bu barədə prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda bildirib.

Əliyev eksklavlar məsələsinə də toxunub: "Eksklavlar məsələsi başqadır, çünki onlar daha mürəkkəbdir və digər ölkənin əhatə etdiyi ərazidə yerləşir. Buna görə onlara delimitasiya prosesində baxılmalıdır. Əgər Ermənistan tərəfi onları indi - ikinci mərhələdə nəzərdən keçirmək istəyirsə, biz hazırıq. Onlar məsələyə sonra baxmaq istəyirlərsə, biz yenə də hazırıq. Delimitasiya başa çatdıqdan dərhal sonra – hazırda Qazax rayonunun dörd kəndinin sahəsində demarkasiya aparılır. Düşünürəm ki, hər iki tərəf, yəni, iki Delimitasiya Komissiyası növbəti addımlar üzərində razılığa gəlməlidir".

Ermənistan-Azərbaycan sərhədində ilk dirək [Foto]

Azərbaycan və Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb.

"2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir", - rəsmi məlumatda vurğulanır.

Azərbaycanla Ermənistan sərhəddə koordinatları dəqiqləşdirirlər

Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bu barədə baş nazirin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında bildirilir.

Məlumata görə, razılaşmalara uyğun aprelin 23-də ekspert qrupları sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Qazaxın dörd kəndinin qaytarılması razılaşdırılıb

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Görüş zamanı komissiyaların bir sıra məsələlər barədə razılığa gəldikləri bildirilir: "...Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində, onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırıblar".

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlar: "...Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq, sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlinib".

Azərbaycan 7-si Qazax rayonunda olmaqla 8 kəndinin hazırda işğal altında qaldığını bildirir.

Bu razılaşmaya görə, onlardan 4-nün Azərbaycanın nəzarətinə qaytarılacağı gözlənir.

Ermənistan isə 31 kəndinin ərazilərinin Azərbaycanın işğalında olduğunu deyir. Azərbaycan isə bunu bu vaxta qədər təsdiqləməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi başqa kəndləri işğal edilib.

2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.