Qazaxıstanda dörd Azərbaycan vətəndaşı azadlıqdan məhrum edilib

Foto arxivdəndir

Qazaxıstan məhkəməsi ölkənin ərazi sularında qanunsuz balıq ovu ilə məşğuil olmaqda ittiham edilən dörd Azərbaycan vətəndaşını 6 ay müddətinə azadlıqdan məhrum edib.

Qazaxıstanın qərbindəki Manqıştau regionunun Qaraqıya rayon məhkəməsi avqustun 14-də 4 Azərbaycan vətəndaşının məhkum edildiyini təsdiq edib.

Adları açıqlanmayan məhkumlar sərhədi pozmaqda və Qazaxıstanın ərazi sularında qanunsuz balıqçılıq etməkdə ittiham olunublar.

Məhkəmənin hökmündə deyilir ki, cəzalarını çəkdikdən sonra bu dörd nəfərin 5 il müddətində Qazaxıstana gəlməsi yasaqlanır.

Xəbər verilir ki, Qazaxıstan sərhədçiləri azərbaycanlıları mart ayında saxlayıblar.

Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan avqustun 12-də Xəzərin statusuna dair Konvensiyanı imzalyıblar. Bu Konvensiya 5 sahil ölkəsi üçün ərazi və daxili suları rəsmiləşdirib.