Rusiyapərəst blogerə 7 il həbs

Yermek Taiçibekov

Taiçibekov sentyabrda həbs olunub, mediada etnik nifrəti qızışdırmaqda ittiham edilib

Qazaxıstanın ən böyük şəhəri Almatıda tanınmış rusiyapərəst bloger Yermek Taiçibekov etniklərarası narazılığı qızışdırmaqda təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib.

Blogerin vəkili Qalim Nurpeysov və qardaşı Marlen Taiçibekov məhkəmənin avqustun 19-da qərar çıxardığını deyiblər.

Taiçibekov sentyabrda həbs edilib, mediada etnik nifrəti qızışdırmaqda ittiham olunub.

Buna da bax: Zaxarovadan Əliyevə cavab: Ermənistana silah göndərilməsi Rusiyanın suveren hüququdur

Bloger o zaman qardaşına demişdi ki, “Rossiya Seqodnya” dövlət media qrupuna bağlı Ukraina.ru vebsaytına müsahibəsinə görə saxlanıb. Bu vebsayt əsasən xaricdə Rusiya xəbərləri və rəsmi propaqanda yayır.

“Rusofob siyasət”

Ötən ilin mayında Ukraina.ru-nun YouTube kanalında dərc olunmuş videoda Taiçibekov Rusiya İmperiyasının qara-sarı-ağ bayrağı fonunda müsahibəsində Qazaxıstan hakimiyyətinin “rusofob siyasət” yürütdüyünü iddia edib.

Buna da bax: Rusofobları Rusiyaya buraxmaya bilərlər

Taiçibekov 2015-ci ildə Facebook-da “qızışdırıcı” materiallar yerləşdirərək etnik nifrəti qızışdırmaq, Qazaxıstanın Rusiyaya birləşməsi ideyasını dəstəkləmək ittihamları ilə dörd il həbsə məhkum edilib. O, cəzasının iki ilini çəkəndən sonra 2017-ci ilin oktyabrında həbsdən buraxılıb.

2014-cü ildən bəri bir sıra qazaxıstanlılar internetdə separatçılığı və etnik nifrəti qızışdırmağa görə həbsə məhkum ediliblər. Rusiya həmin il Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayandan sonra Moskvanın postsovet respublikaları üzərində nüfuzuyla narahatlıq artıb.