YAP nümayəndəsi: 'Azərbaycanda bu hadisələr baş verə bilməz' (Reaksiyalar)

Sizin brauzer HTML5-i dəstəkləmir

Nazarbayevin yeri bilinmir

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov Qazaxıstanda baş verən prosesləri qiymətləndirərkən deyib ki, Azərbaycanda bu hadisələr baş verə bilməz.

Elman Nəsirov

"Azərbaycanda olan müəyyən radikal qruplaşmalar bu prosesdən ruhlanmışdılar, sevinirdilər, ümid edirdilər ki, Azərbaycanda da etiraz dalğası yaranacaq və inqilab yaşanacaq", -o, “ Turan”a söyləyib. Onun fikrincə, Azərbaycanı başqa postsovet ölkələrlə müqayisə etmək yanlışdır: "Azərbaycanda ilk dəfə deyil ki, belə cəhdlər baş verir. Belə cəhdlər 2011-ci ildə "Ərəb baharı" zamanı, 2014-də Ukraynadakı məlum narıncı inqilabı fonunda olmuşdu, amma hamısı iflasa uğramışdı. Çünki Azərbaycanda belə eksperimentlər üçün heç bir şərait yoxdur".

Deputat qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür: "Azərbaycan xalqı öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. 30 illik işğala Azərbaycan prezidentinin formalaşdığı ordu tərəfindən son qoyuldu. Xalq öz prezidentini qəhrəman sayır və prezident xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir, çoxsaylı islahatlar paketi həyata keçirir. Ona görə də antiazərbaycan dairələrin niyyətləri ürəyində qalacaq".

Arif Hacılı

Arif Hacılı: "Azərbaycanda da belə hadisələr baş verə bilər"

Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna deyib ki, Qazaxıstanda əhali korrupsiyaya, avtoritar idarəçiliyə öz etiraz səsini qaldırıb: "Bu, faktiki olaraq bütün bu illər ərzində xalqın iradəsi ilə hesablaşmadıqlarına görə Qazaxıstan hökumətinə xalqının üsyanı idi".

Onun sözlərinə görə, Azərbaycanda da hakimiyyətin seçki yolu ilə zaman-zaman dəyişdirilməsi prosesi baş vermir, ölkədə avtoritar idarəçilik sistemi var, vətəndaş cəmiyyəti sıradan çıxarılıb, söz və ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb: "Eyni zamanda, əhali sosial baxımından çox ciddi çətinliklərlə üzləşir. Baxmayaraq ki, Azərbaycana enerji resurslarından çox ciddi valyuta vəsaiti gəlir, əhalinin mütləq əksəriyyəti çox ağır vəziyyətdə yaşamağa məhkum edilib".

Partiya başqanın fikrincə, belə olan halda Azərbaycanla Qazaxıstan arasında oxşar cəhətlər çoxdur: "Qazaxıstan hadisələri təsdiq edir ki, hansı dövlətdə hakimiyyət xalqın iradəsi ilə hesablaşmırsa, gec-tez bu tipli hadisələr baş verir. Azərbaycanda da belə hadisələr baş verə bilər. Belə hadisələrin qarşısını almaq üçün ilk növbədə demokratik, siyasi və iqtisadi islahatların həyata keçirilməsi zəruridir".

Seymur Həzi

Seymur Həzi: "... Azərbaycan hökümətindən asılıdır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə hesab edir ki, Azərbaycanda Qazaxıstandakı hadisələrin təkrarlanıb təkrarlanmayacağı Azərbaycan hökumətindən asılıdır: "Onlar da Qazaxıstan rejimi kimi Azərbaycan xalqını sıxsalar, Azərbaycan xalqı qəzəblənə bilər".

Seymur Həzinin sözlərinə görə, onlar təklif edir ki, bütün proseslər siyasi yolla həll olunsun: "Hökumət xalq, siyasi partiyalar üçün siyasi yolu məqbul bilməyəndə xalq öz qəzəbini hansısa digər yolla ifadə edir, öz problemlərini başqa yolla həll etməyə çalışır. O da belə nəticələr doğurur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Qazaxıstandakı hadisələr haqda nə düşünürsüz? - Bakıda sorğu

Xatırlatma

Yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin artırılması etirazlara səbəb olub. Etirazların nəticəsi kimi hökumət istefaya göndərilib. Üstəlik, Təhlükəsizlik Şurasının sədri, uzun müddət ölkəyə rəhbərlik edən Nursultan Nazarbayevin də vəzifədən kənarlaşdırıldığı açıqlanıb, onun heykəlləri aşırdılıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də axşam "ölkəsinin üzləşdiyi terror təhlükəsinin dəf edilməsində kömək üçün" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmən müraciət edib. KTMT-ya Rusiya, Qazaxıstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Belarus daxildir.