Qazaxıstanda məmurlar qarı videoya çəkən qadını üzr istəməyə məcbur ediblər

Qazaxıstanda qış, arxiv foto

Qazaxıstanda səlahiyyətlilər bir təqaüdçünü yağan qarı çəkdiyi üçün ictimaiyyət qarşısında üzr istəməyə məcbur ediblər.

AzadlıqRadiosunun qazax xidməti xəbər verir ki, hadisə ölkənin şimalında, Pavlodar vilayətinin kiçik Egindibulak kəndində baş verib.

Oktyabrın əvvəlində Qazaxıstanın şimalında bir neçə bölgəyə çox miqdarda qar yağıb, bəzi yerlərdə qar fırtınası olub.

Yegindibulakdan olan bir təqaüdçü telefonla həyətinin və küçənin necə qarla örtüldüyünü lentə alıb.

Videonu çəkə-çəkə qadın "hələ oktyabr ayında belə qar yağışı görmədim" deyib.

Amma yerli məmurlar nədənsə videonu fəaliyyətlərinin tənqid olunması kimi yozublar.

Ertəsi gün yerli bələdiyyənin işçiləri təqaüdçünün evinə gəliblər: məmurların işi ilə bağlı şikayətlərinin olub -olmadığını soruşublar və qadını kameraya çəkdilər.

Təqaüdçü qadın heç bir şikayəti olmadığını söyləyib:

"Heç kimdən şikayət etmədim, Allah qorusun. Mən belə insan deyiləm. Bu videonu qohumlarıma göndərmişəm, onlara bu vaxtda belə bir qarın yağdığını göstərmişəm" deyə qadın bildirib.

Bir müddət sonra isə WhatsApp -da yerli bir xəbər qrupunda qadının üzr istəməsinin videosu yayılıb.

"Qar üçün üzr istəmək" xəbəri tez bir zamanda sosial şəbəkələrdə yayılıb və qazax xalqının böyük narazılığına səbəb olub. Bir çox istifadəçi məmurların hərəkətlərini qınayıb və təqaüdçünün aşağılanması ilə məşğul olanların cəzalandırılmasını istəyib.

Buna cavab olaraq hadisənin baş verdiyi rayonun icra başçısı, tabeliyində olanlardan yalnız sakinlərdən həyətlərin və küçələrin təmizlənməsinə kömək istədiyini, ancaq bir işçinin guya onun göstərişlərini səhv başa düşdüyünü və bunun əvəzinə həyətləri dolaşaraq "pis adamlar" axtardığını söyləyib. Rayon rəhbəri artıq şəxsən təqaüdçüdən üzr istədiyini bildirib.

Amma Dövlət Qulluğu İşləri Departamenti artıq məmurların hərəkətlərini yoxlamağa başlayıb və ola bilsin ki, onlar hələ də etdiklərinə görə cavab verməli olacaqlar.