Qazaxıstanda aprelin 1-dən sərhədlər üzərindən malların daşınmasını onlayn rejimində izləyən sistem işə salınacaq.
Bundan məqsəd Rusiyaya qarşı Qərb sanksiyalarının pozulmasının qarşısını almaqdır.
Bunu The Financial Times qəzeti Qazaxıstanın yüksək vəzifəli məmuruna istinadla yazıb.
Həmin məmurun sözlərinə görə Astanada Qərbin dolayısı ilə və ya ikili sanksiyalarının risklərini yaxşı başa düşürlər.
Məhz bu səbəbdən hazırda bütün partnyorlarla qarşılıqlı ticarətə xüsusi diqqət verilir.
Bununla belə həmin məmur deyib ki, Qazaxıstan hökuməti Rusiya ilə ticarətdə heç bir sanksiya və ya məhdudlaşdırma tətbiq etməsə də, Qərb sanksiyalarının pozulmasını və ölkənin belə bir fəaliyyət üçün meydan olmasını istəmir.
Buna da bax: YAP-çı deputat: 'Dövlətimizə harada hörmət var, biz oradayıq'Təkrar idxal
Bugünlərdə Reuters agentliyi bir neçə mənbəyə istinadla yazmışdı ki, son həftələrdə Rusiya şirkətləri qazaxıstanlı partnyorlarından Qərb sanksiyalarından yan keçməkdə və zəruri malların idxalında daha israrla kömək istəyirlər.
Agentliyin iki müsahibi bildirib ki, Qazaxıstana marağın belə artması Türkiyənin Rusiyaya gedən malların tranzitini dayandırması ilə bağlıdır.
Moskvanın Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü başlanandan bəri yüzlərlə xarici korporasiya, şirkət və brend Rusiyadakı bizneslərini bağlayıb. Beləliklə Rusiyaya xarici malların gətirilməsi də kəskin azalıb.
Buna cavab olaraq Rusiya hökuməti ölkəyə xarici malların üçüncü ölkələrdən gətirilməsinə icazə verib.
Bu proses “təkrar idxal” adlanır və malın istehsalçısının müstəsna icazəsini tələb etmir.
Buna da bax: Sofiya Ukraynaya ağır silahlar vermirBlinkenin xəbərdarlığı
Son bir il ərzində Rusiya və Qazaxıstan arasında ticarət dövriyyəsi 25 faiz artıb.
Belə ehtimal olunur ki, bu göstəricinin yüksəlməsi Rusiyanın bir çox malları Qazaxıstan vasitəsilə alması ilə bağlıdır.
Söhbət həm də Rusiyaya satılmasına qadağan qoyulmuş mallardan gedir. Bu malların bir qismindən hərbi sənayedə istifadə olunması mümkündür.
Martın əvvəllərində Qazaxıstana səfər etmiş ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaların onun qonşularını necə təsirləndirməsini diqqətlə izləyir.
O bildirmişdi ki, Qazaxıstan şirkətləri Rusiya biznesi ilə bütün əlaqələrdən imtina etməlidirlər.
Qazaxıstan XİN-in başçısı həmin görüşdə etiraf etməli olmuşdu ki, hökumətin Rusiya ilə ticarəti idarə etməsi son dərəcə çətindir.