"Belimə, başıma, ayağıma dəyənəklə, təpiklə o qədər vurmuşdular, bədənimin hər tərəfi xəsarətlə dolu idi". Qəbələ rayonunun Vəndam kəndində Eldəniz və Səxavət Ağayev qardaşları ilə polislər arasında olay zamanı azyaşlı oğlanın yerdə təpikləndiyini əks etdirən görüntülər sosial mediada müzakirələr doğurmuşdu. Məhkəmə bu olayla bağlı yekun qərarını verib. Uşağın atası Eldəniz Ağayevə 3 il 6 ay həbs cəzası verilib, əmisi Səxavət Ağayevinsə azadlığı 2 il məhdudlaşdırılıb (yaşadığı yeri tərk etməyəcək, elektron nəzarətlə gəzib-dolaşacaq – red.).
Olay 2023-cü ilin dekabrında yaşanıb. İstintaq və məhkəmə gedən dövrdə E.Ağayev həbsdə, qardaşı isə ev dustaqlığında olub.
Ağayev qardaşları xuliqanlıq, polisə müqavimət kimi əməllərdə təqsirli biliniblər. İddia olunur ki, onlar və onlardan birinin azyaşlı oğlu polislərə daş atıb, təhqir ediblər. Nəticədə polislər arasında xəsarət alanlar olub, Post Patrul Xidməti (PPX) maşınına ziyan dəyib.
Olayın başvermə səbəbinə gəlincə, deyilir ki, S.Ağayev avtomobildə gedərkən yolda manevr edib və həmin vaxt ərazidə olan Qəbələ rayon Polis Şöbəsi PPX-sının əməkdaşı, serjant Elçin Mirzəmmədov, eləcə də daha bir polis əməkdaşı bunu görüblər. Onlar S.Ağayevin avtomobilinin arxasınca gedərək təmir sexində ona çatıblar. Bu zaman S.Ağayevin qardaşı E.Ağayev də orada avtomobilini təmir etdirirmiş. Qardaşlar içkili olub və insident də avtomobil təmir sexinin önündə yaşanıb. PPX əməkdaşları əvvəl iki nəfər olsalar da, sonra əlavə qüvvə çağırıblar. Oraya sahə müvəkkili, köməkçisi və yol polisləri gəliblər.
Özlərini təqsirli bilməyən Ağayev qardaşları uşaqla birgə polis zorakılığına məruz qaldıqlarını deyiblər.
"Oğlumu da möhkəm döymüşdülər"
E.Ağayev istər avtomobil təmir sexinin qarşısında, istər polis şöbəsinə aparılanda, istərsə orada döyüldüyünü bildirib: "Belimə, başıma, ayağıma dəyənəklə, təpiklə o qədər vurmuşdular, bədənimin hər tərəfi xəsarətlə dolu idi. Qardaşım Səxavəti, azyaşlı oğlumu da möhkəm döymüşdülər".
Olay zamanı atılan daşın sifətinə dəydiyini və xəsarət aldığını deyən PPX əməkdaşı Elçin Mirzəmmədov həm Ağayev qardaşlarının, həm də azyaşlının onlara müqavimət göstərdiyinə görə onların üçünü də polis şöbəsinə aparmağa çalışdıqlarını söyləyib. O, əvvəl iddia edib ki, üzünə dəyən daşı E.Ağayev atıb, daha sonra isə yanıldığını, daşı onun azyaşlı oğlunun atdığını söyləyib.
Azyaşlını döyməsinə, yerdə təpikləməsinə gəlincə, polis əməkdaşı belə deyib: "Mən onun daş atmasının, başqalarını vurmasının qarşısını almağa çalışmışam. Bu yolla həm özümü, həm də digər polis əməkdaşlarını ondan qorumuşam, zorakılığının davam etməsinə mane olmuşam".
Uşağın polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar sosial şəbəkələrdəki müzakirələrdən sonra açıqlandı ki, Qəbələ rayon Polis Şöbəsində xidməti yoxlama aparılıb və uşağı döyən polis serjantı daxili işlər orqanlarından uzaqlaşdırılıb.
AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, o, bir müddət sonra yenidən xidmətə götürülüb və Qəbələ rayon Polis Şöbəsində PPX Xidməti bölüyünün polis nəfəri vəzifəsində çalışır.