Bugünlərdə Bakının Xətai rayonu, Araz Novruzov-34 ünvanında yerləşən binanın bir hissəsi uçub. 1933-cü ildə tikilən və sakinlərin hələ də yaşadığı binanın qəzalı vəziyyətə düşdüyü bildirilir.
Nəsimi rayonunun Mirəli Qaşqay-72 ünvanında yerləşən binanın da qəzalı olduğu, orada da yaşayışın davam etdiyi vurğulanır. Bina sakinləri deyir ki, 120 yaşı olan bu bina da dağılmaq üzrədir.
Bəzi mütəxəssislər isə iddia edir ki, yaşayışın davam etdiyi belə qəzalı binalar Bakının hər rayonunda var.
Aprel ayında Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiyası və sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.
Komissiya yaradılıbsa, vəziyyət niyə bu yerə gəlib çıxıb? Ümumiyyətlə, Bakıda hazırda yaşayış olan nə qədər qəzalı bina var?
Sizin brauzer HTML5-i dəstəkləmir
"Su başımıza tökülür,… naqillər tez-tez alışır"
Araz Novruzov-34 ünvanında yaşayan sakinlər bildirib ki, belə şəraitdə yaşamaq mümkün deyil: "Su başımıza tökülür, döşəmə tam çürüyüb, ağır bir şeyi belə yerə qoymaq olmur. Elektrik naqilləri özü özündən tez-tez alışır".
Bəzi sakinlər vurğulayır ki, bu şəraitsizliyə görə evdən çıxıb kirayədə qalırlar.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən "Turan"a bildirilib ki, həmin ünvan daxil olmaqla, qəzalı binaların inventarizasiyası keçirilib və yaxın zamanlarda qəzalı, kəskin qəzalı binalarla bağlı qərar veriləcək: "Qəzalı vəziyyətdə olan binalar tərəfimizdən nəzarətdə saxlanılır".
BŞİH: "Rayon başçıları şəxsən məsuliyyət daşıyırlar"
Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) də agentliyə deyilib ki, başçının sərəncamına əsasən yaradılan komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxildir: "Qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə rayon icra hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyırlar".
Sizin brauzer HTML5-i dəstəkləmir
BŞİH-nin açıqlamasına görə, qəzalı vəziyyətdə olan binaların sayı minə yaxınlaşır: "İlk növbədə bu, SSRİ dövründən qalan binalardır. Amma son dörd il ərzində cənab prezidentin siyasəti nəticəsində bu cür binaların sayı 30 faiz azalıb".
"Artıq o binalarda yaşamaq təhlükəlidir"
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə AzadlıqRadiosuna bildirib ki, bu proses əslində çoxdan başlayıb: "Üç il əvvəl Bakının 12 rayonunda min 500-dən yuxarı binanın sökülməsi ilə bağlı Nazirlər Kabineti qərar qəbul etmişdi. Bura daha çox qəzalı, köhnə yaşayış fonduna aid olan çoxmənzilli binalar daxil idi".
Ekspert hesab edir ki, indi paytaxtda köhnə yaşayış fondunun yarısı qəzalı olmasa da, istismar müddəti başa çatmış binalardan ibarətdir: "Yəni, ötən əsrin ortalarında inşa olunmuş binaların daha çox beton konstruksiyalardan ibarət olduğunu nəzərə alsaq, artıq o binalarda yaşamaq təhlükəlidir".
Onun sözlərinə görə, aidiyyəti orqanlar, hələlik, məsələ ilə bağlı monitorinq aparıb konkret nəticə ortaya qoymayıb.