Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 16-da Azərbaycanla bağlı bir sıra qərarlarını açıqlayıb. Onlardan biri "Aynurə İmranova və başqa 17 ərizəçi Azərbaycana qarşı" işi üzrə qərardır. AİHM bu işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qərarına gəlib. Qərara əsasən, 18 ərizəçinin hər birinə mənəvi zərər əvəzi 3 min avro ödənilməlidir. Hər bir ərizəçinin vəkillərinə də hər işə görə 300 avro ödənilməlidir. Bu işdə ərizəçilər İmranovadan başqa iqtisadçılar Qubad İbadoğlu, Zöhrab İsmayıl, hüquqşünaslar İntiqam Əliyev, Ənnağı Hacıbəyli və başqaları olub.
2014-cü ildə Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi açılıb. Bu cinayət işi çərçivəsində ərizəçilərin bank hesablarına həbs qoyulub. Şikayətlər də, əsasən, bununla bağlı olub.
Buna da bax: QHT lərlə görüşün faydası nə olacaq?Elə həmin dönəmdə də "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara əlavə və dəyişikliklər qəbul edildi. Bu dəyişiklərdən sonra müstəqil qeyri-hökumət təşkilatlarının şikayətləri çoxaldı. Hətta onların bir çoxu artıq fəaliyyət göstərməyin mümkün olmadığını bildirdilər. 2020-ci ildə bu sahədə bir sıra islahatların aparılacağı deyilsə də, narazılıqlar qalmaqdadır.
Hələlik, mövzu ilə bağlı Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə danışmaq mümkün olmayıb.
"QHT-lərlə bağlı vəziyyət yumşaldılmalıdır"
Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, QHT-lərlə bağlı vəziyyət yumşaldılmalıdır: "Ümumiyyətlə, bu xarici əlaqələr və vasitələrinə bir az fərqli kontekstdə yanaşmalıyıq. Hələ ki, Qarabağ, işğal məsələsi var idi, müəyyən çətinliklərimiz ortada idi. Amma indi Azərbaycan QHT-lərinin əslində bu istiqamətdə də beynəlxalq səviyyədə Azərbaycana dəstək verməsi mümkündür. Onların bu fəaliyyətinin genişlənməsinə imkan yaratmaq lazımdır".
Deputatın sözlərinə görə, praktika göstərir ki, adamlar nə qədər xarici fondlardan asılı olsalar da, kritik məqamlarda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində müəyyən addımlar atıblar. Onun fikrincə, özünü tamamilə xarici xüsusi xidmət orqanlarına bağlayan şəxslər ayrı, onlar həmişə olacaq: "Amma normal fəaliyyət göstərmək, həm də müəyyən vəsait əldə edib iş görmək istəyən xeyli insanlar var. Onların Avropa institutları ilə də əlaqələri var".
"Hökumətdən fundamental dəyişikliklər gözləmirəm"
AİHM qərarına düşənlərdən biri - iqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, hazırda bu orqanın istənilən qərarlarında kompensasiya məbləği azalıb: "Hətta kompensasiyanın məbləği nə qədər olursa olsun, bu bizim problemimizi həll etmir. Problemimiz fəaliyyətimizin dayandırılması idi, bank hesablarımıza həbs qoymaqla bütün fəaliyyətimizi iflic etdilər. Həmin dövrdə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin aktiv olan altı layihəsi var idi, hesablara həbs qoyulandan sonra biz onları dayandırmağa məcbur olduq. Ona görə də kompensasiya ilə bu ziyanın əvəzinin çıxacağını düşünmürəm".
Buna da bax: QHT-lərə "yaşıl işıq", yoxsa imitasiya?Onun sözlərinə görə, təşkilat olaraq həmin kompensasiyanı ala bilmirlər: "Bizim təşkilat 2014-cü ildən etibarən reyestrdən çıxarış ala bilmir və buna görə də hesablarımız mövcud deyil. Doqquz dəfə müraciət etmişik və bizə imtina cavabı verdilər. Çox təəssüf ki, AİHM bununla bağlı müraciətimizi mümkünsüz saydı".
QHT-lərin hazırkı durumu ilə bağlı Z.İsmayıl qeyd edib ki, hökumətin bu sahədə vəziyyəti yaxşılaşdırmaq niyyəti yoxdur: "Məcburiyyət qarşısında qalsalar, onda hər hansı texniki dəyişiklikləri edə bilərlər. Amma bununla bağlı hökumətdən fundamental dəyişikliklər gözləmirəm".