Azərbaycan və Qırğızıstan strateji tərəfdaş oldu

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü

Aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun təkbətək görüşündən sonra iki ölkə arasında geniş tərkibdə görüş də keçirilib.

Sonra da dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"ni prezidentlər imzalayıblar.

Bunun ardınca da iki ölkənin Dövlətlərarası Şurasının yaradılması, kənd təsərrüfatı, nəqliyyat, maliyyə, əqli mülkiyyət və başqa sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Prezidentlərin görüşü

Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev mətbuat qarşısında deyib ki, bu səfər iki ölkə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq: "Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir".

S.Japarov da deyib ki, iki ölkə arasında çox yaxşı münasibətlər var.

+++

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana rəsmi səfər edib.

Səfər iki gün davam edəcək.