Gənc fəal Qiyas İbrahimov yanvarın 7-də axşam saatlarında polisdən sərbəst buraxılıb.
Qiyas İbrahimov ona fiziki və mənəvi təzyiq olmadığını söyləyib.
***
Bugün, dekabrın 7-də gənc fəal Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında saxlanıb. Gənc fəal Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə görə etiraz etdiyini bildirib. Polis onu saxlayıb, aparıb.
Ərazidə olan jurnalistlərə qarşı təzyiq göstərildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Turan"a məsələ ilə bağlı açıqlama veriləcəyi söylənilib. Amma jurnalistlərə təzyiqin olmasını qurumdan inkar ediblər.
İki il öncə, fevralın 13-də AİHM Azərbaycandan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun verdiyi altı şikayət üzrə qərar çıxarmışdı. AİHM onların işgəncə, qanunsuz axtarış, məhkəmə öncəsi həbs, qeyri-insani rəftar şikayətlərini təmin edib. Məhkəmə fəalların Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 10-cu ( ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə həddi) maddələri üzrə hüquqlarının pozulduğu qənaətinə gəlib. Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti fəallara 60 min avro ödəməli idi.
Q.İbrahimovun bununla bağlı şikayətinə, hələlik, Prezident Administrasiyası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da Azərbaycanda saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum edib. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.
Onların hər ikisi 3 il öncə, martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb. Hüquq müdafiəçiləri hər iki gənci siyasi məhbus sayıblar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
B.Məmmədovun ötən il Türkiyədə dənizdə boğulduğu açıqlanıb. Yaxınları ölümün müəmmalı olduğunu güman edirlər. Türkiyə polisi isə B.Məmmədovun Moda adlanan ərazidə çəkələklərini dənizə saldığını və onu götürmək üçün əyildikdə dənizə düşdüyünü açıqlamışdı.