Qubad İbadoğlunun şikayəti təmin edilməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Qubad İbadoğu İlham Əliyevin sifarişi ilə saxlandığını deyir

Bu gün, avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ev dustaqlığına baxılması haqda müraciətinə baxılıb.

Şikayət Nərimanov Rayon Məhkəməsinin onun həbsi ilə bağlı qərarından olub.

Bu barədə Azadlıq Radiosuna vəkil Bəhruz Bayramov danışıb.

Vəkil bildirib ki, həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı şikayət təmin edilməyib: "Təəssüf ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayətimiz təmin edilmədi".

B.Bayramov Q.İbadoğlunun da məhkəmə iclasında iştirak etdiyini bildirib: "Səhhətində ciddi problem yaşanır, çəkisi aşağı düşüb, qan təzyiqindən və şəkərdən əziyyət çəkir, şah damarında genişlənmə (aortanın genişlənməsi) var. Bütün bunlar bir neçə gün əvvəl həkim briqadasının apardığı müayinənin nəticəsidir".

Hələlik, bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

ADR Partiyasının sədri Q.İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Q.İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.