Qubad İbadoğlunun evində axtarış aparılıb

Qubad İbadoğlu - arxiv

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Yasamal rayondakı evində axtarış bitib.

Q.İbadoğlunun həyat yoldaşı İradə Bayramova bildirib ki, axtarışı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları aparıb: "6 ildir bu evdə yaşamırıq, burada qaynanam yaşayır. Evdən köhnə kompyuterlər aparıblar, onlar işləmir heç. Bilmirəm nə axtarırdılar".

O, qeyd edib ki, axtarış zamanı onu evə buraxmayıblar.

Bayramovanın sözlərinə görə, Q.İbadoğlu həbs olunduğu gündən onunla danışa bilməyiblər, paltar və sovqat yanına buraxılmır.

Bu deyilənlərə də, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun evində də axtarış aparıldığı bildirilir.

Siyasətçinin qızı Jalə Bayramova AzadlıqRadiosuna bildirib ki, təxminən saat 13:00-da Yasamal rayonundakı mənzillərində axtarış başlayıb.

Qubad İbadoğlunun evində axtarış

Qubad İbadoğlunun evində axtarış

Axtarışın hansı məqsədlə aparıldığı bilinmir.

Hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb.

Buna da bax: Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb.Həmin gün onun rəhbərlik etdiyi partiyanın ofisində də axtrış aparıldığı bildirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb . Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatına alınmayıb.