Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışının məhdudlaşdırıldığı deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun bəzi qohumlarının ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu bildirilir.

Bu barədə siyasətçinin qardaşı Qalib Toğrul məlumat verib. Onun sözlərinə görə, məhdudiyyət deputat Vüqar Bayramov xaric, özü qarışıq digər qardaşlarına və ad çəkmək istəməyən daha bir neçə qohumuna şamil olunub: "Hətta Bayramov soyadından olmayan qohumların ölkədən çıxışına da qadağa var".

Q.Toğrulun vurğulamasına görə, sözügedən məhdudiyyəti Daxili İşlər Nazirliyi qoyub: "Bu, qanunsuzdur, çünki qadağa yalnız adı cinayət işində təqsirləndirilən şəxs kimi keçənlərə tətbiq edilə bilər".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

ADP sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. O, Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı Cinayət Məcəlləsinin əlavə 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanlarından Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildiriblər.

Q.İbadoğlu ittihamı qəbul etmir. F.Gülən də Türkiyədən ünvanına səslənən ittihamları yalanlayıb.