Qubad İbadoğlu 2024-cü il Saxarov mükafatının finalçısı seçilib

Qubad İbadoğlu

Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il Saxarov mükafatının üç finalçısını seçiblər. Onlardan biri azərbaycanlı akademik və antikorrupsiya fəalı professor Qubad İbadoğludur.

Yekun siyahıda Venesueladakı demokratik qüvvələrin lideri Mariya Korina Maçado və son seçkilərdə ölkənin prezidenti seçildiyi bildirilən Edmundo Qonsales Urrutiyanın (vahid nominasiya) da adları var. Digər nominantlar isə "Qadınlar Sülh Uğrunda" və "Günəşin Qadınları" (İsrail/Fələstin) təşkilatlarıdır (vahid nominasiya).

Bir həftə sonra, oktyabrın 24-də Prezidentlər Konfransı (Avropa Parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların liderləri) Fikir azadlığı üzrə Saxarov mükafatının 2024-cü il üzrə laureatını seçəcək. Qalib(lər)in adları Strasburqda keçiriləcək plenar iclasda elan olunacaq.

50 min avro fondu olan mükafatın təqdimat mərasimi bu ilin dekabrında Strasburqda plenar iclasda baş tutacaq. Final mərhələsinə adlayan hər üç namizəd mükafatlandırma mərasiminə dəvət olunacaq.

Professor Qubad İbadoğlunun Saxarov mükafatına namizədliyi Avropa Parlamentinin Yaşıllar-Azad Avropa Birliyi fraksiyası tərəfindən irəli sürülüb. "İbadoğlu insan haqları müdafiəçisi, rejimin və mədən sənayesinin tənqidçisidir. Bu, Bakıdakı COP29-dan bir neçə həftə əvvəl Azərbaycana göndərilmiş güclü mesajdır!", – X şəbəkəsində paylaşılan mesajda deyilib.

Tanınmış sovet fizika alimi, siyasi dissident Andrey Saxarovun şərəfinə verilən Fikir azadlığına görə Saxarov mükafatı Avropa İttifaqının insan haqları üzrə ən yüksək mükafatıdır. O, 1988-ci ildən bəri hər il parlament tərəfindən fərdlərə və ya təşkilatlara insan hüquqlarının və əsas hüquqların müdafiəsi, xüsusilə ifadə azadlığı, azlıqların hüquqlarının qorunması, beynəlxalq hüquq, demokratiyanın inkişafı və qanunun aliliyinin müdafiəsi sahəsində gördükləri işlərə görə verilir.

Nelson Mandela və Anatoli Marçenko, həmçinin dissidentlər, siyasi liderlər, jurnalistlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti fəalları, Birləşmiş Millətlər Təşkilatı və təhsil hüququna görə mübarizə aparan uşaq hüquqları fəalı bu mükafata layiq görülüblər.

Bu mükafatı almış Nelson Mandela, Malala Yusufzay, Deni Mukveqe və Nadya Murad Nobel Sülh Mükafatını da layiq görülüblər.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.