83 yaşlı prezident saxlanıb

Qvineya, 5 sentyabr, 2021-ci il

BMT-nin Baş katibi Antonio Quterres “hökumətin silah gücüylə hər hansı formada ələ keçirilməsi”ni pisləyib

Qərbi Afrikada yerləşən Qvineyada əsgərlər sentyabrın 5-də Prezident Alfa Kondeni saxlayıb, hökumətin buraxıldığını elan ediblər.

Dövlət çevrilişi baş verən ölkənin sərhədləri bağlanıb, konstitusiyası etibarsız elan edilib. Ordu polkovniki Mamadi Dumbuya bu haqda dövlət televiziyasında açıqlama verib.

“Əsgərin vəzifəsi ölkəni xilas etməkdir. Biz daha siyasəti bir nəfərə etibar etməyəcəyik. Onu xalqa etibar edəcəyik”, – Dumbuya deyib.

Buna da bax: Əfqan müqavimət hərəkatının lideri “milli qiyama” çağırır

Yenə prezident olmaq istəyirdi

Ölkənin milli bayrağına sarılmış, səkkiz silahlı əsgərin müşayiəti ilə danışan polkovnik konstitusiyanın yenidən yazılacağını söyləyib.

83 yaşlı Konde on ildən çoxdur hakimiyyətdədir. O, ötən il üçüncü müddətə seçilmək niyyətini açıqlayandan populyarlığı azalıb. Prezident vəzifə müddətinə məhdudiyyətin ona aid olmadığını deyib.

Konde saxlanmazdan öncə paytaxt Konakridə prezident sarayı yaxınlığında atışma bir neçə saat çəkib. Sonradan yayılan videoda Kondenin hərbçilər tərəfindən saxlandığı görünür.

Xunta bəyanat yayaraq Kondenin həkim müayinəsində olduğunu deyib, amma onun nə vaxt buraxılacağını açıqlamayıb.

Buna da bax: Birləşmiş Ştatlarda üçüncü dozanın vurulmasına tezliklə başlana bilər

Reaksiyalar

“ECOWAS” adlı Qərbi Afrika regional bloku baş verənləri pisləyib, Konde dərhal buraxılmasa sanksiyalarla hədələyib.

BMT-nin Baş katibi Antonio Quterres “hökumətin silah gücüylə hər hansı formada ələ keçirilməsi”ni Twitter-də pisləyib.

ABŞ Dövlət Departamenti zorakılıqla bağlı xəbərdarlıq edib, Qvineyadakı hakimiyyəti ölkənin “sülh, sabitlik və rifah perspektivlərinə kölgə salacaq” “qeyri-konstitusion” hərəkətlərdən çəkinməyə çağırıb.