Bütün dünyada qızılcaya yoluxmaların sayı artır

Sosial mediada yayılan bir çox yanlış informasiyalar vaksinasiya xofu yaradır

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə qızılcaya yoluxma halları planet boyunca artır və ən böhranlı vəziyyət Ukraynada müşahidə olunur.

2019-cu ilin ilk altı ayı ərzində qızılcaya yoluxmalar 2006-cı ildən bəri ən yüksək həddinə çatıb.

DST avqustun 13-də dərc etdiyi hesabatda bildirir ki, bunun əsas səbəbi vaksinlərin çatışmazlığı və vaksinasiya barədə təhrif olunmuş informasiyaların yayılmasıdır.

Təşkilat bunu da bildirir ki, xəstəliyin yayılması dünya boyunca ölkələrin səhiyyə sistemləri üzərinə ağır yük qoyur, habelə insanların ciddi xəstəliklərinə, əlilliyə və hətta ölümlərə səbəb olur.

DST-nin sözçüsü Christian Lindmeier Cenevrədə jurnalistlərə deyib ki, ilin ilk 7 ayı ərzində dünya boyunca 365 min qızılcaya yoluxma qeydə alınıb. Halbuki bu rəqəm ötən il 130 mindən az idi.

Hesabatda xəbərdarlıq edilir ki, bütün dünyada əslində on yoluxmadan 1-i haqqında məlumat verilir.

Qızılca xəstəliyinin qarşısı alına bilsə də, o son dərəcə yoluxucudur, uşaqların ölümünə və ya ömürlük əlilliyinə səbəb olur.

DST vurğulayır ki, qızılcanın qarşısı “təhlükəsiz və səmərəli vaksinin ikicə dozası” ilə alına bilər.

Bütün dünya boyunca səhiyyə ekspertləri sosial media və başqa kütləvi informasiya vasitələrində geniş vüsət alan antivaksinasiya hərəkatından narahatlıq ifadə edirlər.

Xüsusən də sosial mediada yayılan bəzi informasiyalarda vaksinasiyanın uşaqların sağlamlığı üçün təhlükə olduğuna dair yanlış məlumatlar paylaşılır.

DST bildirir ki, qızılca ilə mübarizəyə yalançı məlumatlar, vaksin çatışmazlığı mane olur.

Hesabatda deyilir ki, bir sıra ölkələrdə qızılca yetkin uşaqlara, gənclərə, habelə peyvənd edilməmiş yaşlı insanlara yoluxmağa başlayıb.

Bu da qeyd olunur ki, bu il qızılcaya yoluxmanın ən çox halları Ukrayna, Konqo Demokratik Respublikası və Madaqaskarda qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə 2019-cu ildə ölkədə 56 min 861 nəfər qızılcaya yoluxub. Bunlardan 26 min 748-i yaşlılar, 30 min 113 nəfəri isə uşaqlardır. Xəstəlikdən 18 nəfər ölüb.

DST-nin məlumatına görə qızılcaya yoluxma halları Qazaxıstan, Anqola, Kamerun, Çad, Nigeriya, Filippin, Cənubi Sudan və Taylandda sürətlə çoxalmaqdadır.

Birləşmiş Ştatlarda son 25 ildə qızılcaya yoluxmanın ən yüksək rəqəmi qeydə alınıb. ABŞ-da bu il bu xəstəliyə 1164 nəfər yoluxub. Halbuki bu rəqəm ötən il 372 idi.

Avropada 2019-cu ilin ilk 6 ayında 90 min yoluxma barədə məlumat verilib.

Bu, son onillikdə ən yüksək rəqəmdir.