2018-ci ilin zülmət qaranlığı təkrar oluna bilərmi?

Bakı, 3 iyul 2018-ci il

Ekspertlər qəza ehtimalının qaldığını deyirlər

“2018-ci ilin iyulunda “Azərbaycan” İstilik Elektirk Stansiyasnda (İES) baş vermiş qəza və onun nəticələri ağır oldu”, - “Neft Aradşırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban bir il əvvəl baş vermiş qəzadan danışarkən belə deyir.

Həmin vaxt - iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə yerləşən İES-də qəza baş verdi. Nəticədə Bakı da daxil olmaqla ölkənin böyük hissəsi saatlarla elektriksiz qaldı.

Səhər elektrik verilişi bərpa olunsa da, günün sonunda “Azərbaycan”da baş verən ikinci qəzadan sonra yenidən ölkə qaranlığa büründü.

Məsələnin araşdırılması üçün dövlət komissiyası yaradıldı, bir müddət sonra “Azərenerji” ASC-yə yeni rəhbərlik gətirildi, ölkənin elektrik enerji sahəsində yenidənqurma işlərinə prezident büdcədən vəsait ayırdı.

Son bir ildə dəyişən nə oldu? Qəzanın təkrarlanma ehtimalı qalırmı və ya hökumətin ayırdığı 140-150 milyon manatlıq vəsait, haqqında danışılan “yenidənqurma işləri” bəhrəsini verir?

İlham Şaban 2018-ci ilin oktyabrından iyula qədərki 9 aylıq dövrü ölkənin eneji sistemində “bərpa və təmir dövrü” adlandırır.

“Məlum oldu ki, “Azərenerji” sistemində çalışan 6000 nəfərdən yarısının maaşı ölkə üzrə orta aylıq maaşın - 540 manatın yarısına bərabərdir. İlk növbədə bu sistemdə çalışanların maaşları artırıldı”.

Ekspert bundan sonra Mingəçevir İES-də və eləcə də ölkədəki yarımstansiyalarda enerji itkisinin qarşısının alınması məqsədilə təmir-bərpa işlərinə başlandığını söyləyir.

“Azərbaycanda 7,5 min meqavat elektrik enejisi tədarük edilir. Ölkənin ən çox enerjiyə tələbatı yayda olur ki, bu da 4,5-5 min meqavatdan çox deyil. O zaman, 2 min meqavat əlavə elektrik ehtiyatı olduğu halda bu hadisəyə niyə baş verdi? Ona görə ki, həmin istehsal edilən enerjinin çox hissəsi itkiyə gedirdi. Bu ona bənzəyir ki, avtomobilin spidometri sürəti 200 km/saat göstərir, amma avtomobil həmin sürətlə getmir. Buna səbəb də avadanlıqların köhnəlməsi, yenilərilə əvəz olunmaması, avadanlıqlara texniki qulluğun olmaması idi”, - İlham Şaban söyləyir.

İlham Şaban

O, “itkiyə gedən enerji”nin bərpa olunduğunu, eyni zamanda İES-də təmir-bərpa işləri getdiyini qeyd edir. Ancaq bunun yetərli olub-olmadığını söyləməkdə çətinlik çəkir:

“Bu il iyunun sonlarında Mingəçevir İES-də açılım baş verdi, aparılan təmir və bərpa işləri nəticəsində, xətlərin ayrılması, əks-qəza avtomatikasının işə düşməsi nəticəsində qəza aradan qaldırıldı”.

İlham Şaban hesab edir ki, bütünlükdə sistemdə təmir-bərpa işlərinin tam başa çatmasına daha bir-iki il vaxt lazımdır. Ancaq ekspert hesab edir ki, 2018-ci ildə baş vermiş hadisənin təkrarlanma ehtimalı aradan qaldırılmış sayıla bilər.

Buna da bax: Energetika Nazirliyi: 'Qəzaların olmayacağına söz vermək də çətindir'

“Qəzanın təkrarlanması ehtimalı o zaman aradan qalxar ki...”

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, bir il öncə baş vermiş hadisə o qədər ciddi fəsad yaratmışdı ki, hadisəyə dövlət səviyyəsində müdaxilə edildi, komissiya yaradıldı, rəhbərlik dəyişdirildi.

“Amma indiyə kimi komissiyanın detallı olaraq hadisənin səbəbləri, məsuliyyətin kimin üzərində olması, görülən işlərin istiqamətləri barədə məlumatını eşitməmişik”, - ekspert deyir.

Natiq Cəfərli son bir ildə enerji sistemində təmir bərpa işləri apaırlmasını, avadanıqların quraşdırılmasını müsbət hal saysa da, bütün bunların həmin hadisənin təkrar baş verə bilməsi ehtimalının aradan qaldırılması üçün yetərli saymır.

Onun qənaətincə, qəzanın təkrarlanması ehtimalı o zaman aradan qalxar ki, sistemdəki bütün köhnə avadanlıqlar tam yeniləri ilə əvəz edilsin, texniki xidmət yüksək səviyyədə olsun.

“Amma nə qədər ki, bu iş tam başa çatmayıb, həmin ehtimalı aradan qalxmış saymaq olmaz”, - Natiq Cəfərli belə deyib.

Buna da bax: İlham Şaban: 'Mingəçevirdə də eyni səbəbdən qəza baş vermişdi'

Şəmsəddin Hacıyev: “Heç nədən sığortalanmaq mümkün deyil”

YAP-çı deputat Şəmsəddin Hacıyevsə qəzanın təkrarlanması ehtimalı barədə söylənilənlərə “Heç nədən sığortalanmaq mümkün deyil” deyə cavab verir:

“Elə bir texnologiya da yoxdur ki, deyəsən bunun sıradan çıxması, köhnəlməsi mümkün deyil”.

Şəmsəddin Hacıyev

O, qəzanın nəticələrinin açıqlanmamasına isə belə münasibət bildirir:

“Təbii ki, bu, terror deyildi. Kiminsə səhlənkarlığı nəticəsində də baş verməmişdi. Ola bilsin texniki səbəblərlə bağlı olub. Detallı məlumatım yoxdur. Amma mən bilirəm ki, bu məsələ ən yüksək səviyyədə dəfələrlə müzakirə edilib və ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə ciddi işlər görülür”.

AzadlıqRadiosu bununla bağlı “Azərenerji” ASC-dən açıqlama ala bilməyib. Ancaq qurumun bu ilin aprelində yaydığı məlumatda deyilirdi ki, “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Stansiyanın gücünün 380 meqavat artırılaraq 2000 meqavata çatacağı bildilir, “ən əsası isə “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək”.

Buna da bax: Mingəçevirdəki qəzadan çıxarılan nəticələr-media icmalı 

Xatırlatma

2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Mingeçevirdəki “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemində böhran yaşanmışdı.

Qəza nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-də saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilmişdi. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə işıqlar yanmışdı.