Çinin Shenzhen şəhərində piyadalar qırmızı işıqda yolu keçməyə cürət etmirlər.
Buna səbəb şəhərin küçələrində quraşdırılmış üztanıma kameralarıdır.
Bu şəhərdə yol hərəkəti qaydalarını pozan piyadalara sonradan cərimə qəbzi gəlir.
Bu kameralar piyadanın üzünü tanıyan kimi onun şəxsi məlumatlarına çıxış əldə edir.
Yol hərəkəti qaydalarını pozan adam bir də görür ki, adı kameranın yanındakı böyük LED ekrandadır.
Bu texnologiya 2017-ci ilin aprelindən tətbiq olunur. Şəhər boyu əksər küçələrdə quraşdırılıb.
İndi yerli hökumət bir az da irəli getməyə çalışır. Yeni texnologiya yol hərəkəti qaydalarını pozan və kameraya "düşən" piyadalara dərhal bu haqda SMS göndərməyə imkan verəcək.
Buna da bax: Bakıda üz tanıma kameraları - təhlükəsizlik, yoxsa siyasi maraqlar
Sizin brauzer HTML5-i dəstəkləmir
Çin hökuməti hazırda ölkədə görünməmiş miqyasda izlənmə texnologiyaları tətbiq edir.
2020-ci ildən vətəndaşlara sosial davranışlarına görə ballar hesablanacaq. Yol hərəkəti qaydalarını pozmaqdan tutmuş, internetdə "saxta məlumatlar yayamağa" qədər ən müxtəlif qanun pozuntuları vətəndaşların şəxsi məlumatlarını əhatə edən data bazaya düşəcək.
Bu məlumatlar əsasında işəgötürənlər onların "necə vətəndaş olduğunu" qiymətləndirəcək və qərar verəcək ki, onları işə götürməyə dəyər, yoxsa yox.
Bundan başqa qaydaları ən çox pozan şəxslərə səyahət qadağaları qoyula bilər.
Bir çoxları bunu tanınmış Britaniya yazıçısı Corc Oruelin "1984" əsəri ilə müqayisə edirlər.
Həmin əsər xəyali bir totalitar cəmiyyətdə hər addımı izlənən və özəl həyatı nəzarət altda olan vətəndaşlar haqdadır.