Rail Abbasov 4 aylıq həbs edilib

Bugün, sentyabrın 20-də ictimai fəal Rail Abbasov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Müdafiə tərəfi bildirmişdi ki, Abbasov sentyabrın 19-da səhər saatlarında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib:

"Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb".

Vəkili əlavə edib ki, Rail Abbasovla bağlı 1 nəfərin şikayəti var: "Lakin o, özünü təqsirli bilmir".

Rail Abbasov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dostudur və onun ictimai müdafiə kampaniyasında iştirak edib.

Bəzi hüquq müdafiəçilərin fikrincə Rail Abbasov məhz buna görə həbs olunub. Amma bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Bununla belə rəsmilər ölkədə insanların siyasi, tənqidi baxışlarına və hüquq müdafiəsi ilə bağlı fəaliyyətinə görə, təqib edilməsinə dair fikirləri qəbul etmirlər.

Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bu il iyunun 16-da istintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunması ilə bağlı çağırışlar səsləndiriblər.

Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. B.Hacıyev də ona qarşı ittihamları qəbul etmir.