Sentyabrın 26-na təyin edilmiş referendumla bağlı ödənişsiz təşviqat yayım mediasında İctimai Televiziya vasitəsilə aparılacaq.
Çap mediasından da büdcədən maliyyələşən «Azərbaycan», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetləri pulsuz təşviqat aparılmasını təmin etməlidir.
Bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) elanında bildirilir.
Üzvlərinin sayı 40 min və daha çox olan təşviqat qrupları pulsuz efir vaxtından istifadə etməklə, səsverməyə çıxarılan məsələlərin lehinə və əleyhinə təbliğat apara bilərlər.
ÖDƏNIŞLİ EFİR VAXTI...
MSK elanında ödənişli efir vaxtı və reklam dərci ilə bağlı şərtlər də ifadəsini tapıb. Seçki qurumu bildirir ki, ödənişli reklam yaymaq istəyən media quruluşları bununla bağlı bilgiləri referendumun təyin edilməsi haqqında qərarın dərc olunmasından sonrakı 30 gün ərzində açıqlamalıdırlar.
Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)
Ötən il keçirilən seçkilərdə televiziya kanallarının çoxu ödənişli efir vaxtı təklif etməmişdilər. Təklif edənlər də efirin 1 saniyəsinə 20 manatdan 50 manata qədər haqq istəmişdilər. Müxalifətdən olan namizədlər faktiki ödənişli efirdən istifadə edə bilməmişdilər. Ödənişsiz təşviqat imkanını isə yalnız Hakim Yeni Azərbaycan Partiyası əldə etmiş, onlar da bu imkandan yararlanmamışdılar.
Bir çox ekspertlər ödənişsiz təşviqata yalnız İTV-də efir vaxtı ayrılmasını doğru hesab etmirlər.
Azərbaycanın dövlət büdcəsindən mediaya ayrılan vəsaitlərin yarıdan çoxunun AzTV-yə çatdığı bildirilir. Büdcədən maliyyələşən AzTV-nin pulsuz efir ayırmaması yayım prinsiplərinin pozulması kimi dəyərləndirilir.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək.
Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.