'29 sualı 46 saniyəyə necə cavablamaq olar?'

Ələsgər Məmmədli

«İlk 240 dəqiqədə 1 milyon 613 min seçicinin necə səs verməsi maraqlı məsələdir».

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna belə deyir. O, birbaşa məntəqələrdə müşahidə apara bilməsə də, səsvermə günü baş verənləri kameralar vasitəsilə izləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Aləsgər Məmmədli referendum barədə

- Kameralar vasitəsilə nələr gördünüz?

- Texniki problemlərlə bağlı iradımı Facebook sosial şəbəkəsində də bildirmişdim. Kameraların böyük əksəriyyəti elə qurulub ki, məntəqələri izləmək mümkün deyil. Əslində, o kameralarla prosesin şəffaf olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Bəzi yerlərdə kameralar divar və tavanı göstərir, bəzi yerlərdə çox ümumi görüntüləri, ya da sadəcə qutunu göstərir. Ətrafda nə baş verdiyi, o qutunun yanına kimlərin gəlib-getdiyi görünmür. Kameraların keyfiyyəti çox aşağıdır, meqapikseli yetərsiz və bəzi hallarda kameranın obyektivi tozludur deyə, nəsə seçmək olmur. Amma bununla belə, aydın müşahidələrim də var. İzlədiyim kameralarda, bəzən, dəqiqələrlə kimsənin olmadığı məntəqələrdə də fəallığın yüksək olduğu deyilib. Rəsmi rəqəmə görə, ilk 240 dəqiqədə, yəni ilk dörd saatda 1 milyon 613 min nəfər səs verib. Bu, ortalama, hər 46 saniyədə bir nəfərin səs verməsi deməkdir. Referendum bülletenində 29 sual var, bir nəfərin kabinəyə girib bülleteni doldurub çıxması təxminən 5 dəqiqədən az çəkməməlidir. O baxımdan bunun 46 saniyəyə necə çatdırılması maraqlıdır.

Bakıda 'karusel' əməliyyatı

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda "karusel" əməliyyatı

- Belə çıxır, rəsmi rəqəmləri şübhə altına alırsınız?

- Həm Bakıda, həm də regionlarda məntəqələri kameralarla izləmişəm. Görünən odur ki, gözünü ayırmadan baxıb görürsən ki, komissiya üzvləri oturub, amma orada seçici yoxdur. Belə olan halda 240 dəqiqədə hər məntəqədə 293nəfərin necə səs verməsi maraqlı məsələdir.

- Hansı dairə seçki komissiyalarını izləmisiniz?

- Kamerası əyri olan, tavanı göstərən məntəqə 13 saylı DSK-nın məntəqəsi idi. Sonra Ağdamda 119 saylı DSK-nı izlədim. Qazaxda, Bakıda bir neçə DSK-nın məntəqələrinə baxdım... Çoxuna baxmışam. Təəssüratım budur ki, seçici fəallığı yoxdur. Mən yaşadığım ərazidə yerləşən məktəblərin ətrafını da müşahidə etmək imkanım var. Real götürsək, ilk üç-dörd saatda seçicinin 27-28 faizinin səsverməyə gəlməsi həddən artıq böyük rəqəmdir.

- Yəqin paralel şəkildə medianı da izləyirsiniz. «Karusel» əməliyyatı barədə çoxlu xəbər də gəlməkdədir. AzadlıqRadiosunun müxbirləri bəzisini görüntüləyib, saytda yerləşdiriblər. Bəzi yerlərdə qadın müəllimlərin yeni fantaziyası ilə də üzləşiblər. Onlar hər məntəqəyə fərqli baş örtüləri ilə daxil olublar...

​- Təsadüfən özüm də bir məktəbdən çıxan bir qrupun avtobusa oturub başqa məktəbə getməsinə şahid oldum. Təəssüf doğuran haldır ki, ziyalılar da buna cəlb ediliblər. Övladlarımıza ona görə təhsil veririk ki, ziyalı olsun, ölkəyə faydası dəysin. Amma həmin kateqoriya işbazların əlində alət olur, cinayətə qarışır. Seçki prosesinə müdaxilə cinayətdir... Mən bunu öz müşahidəmdə gördüm. Bir qrup müəllimin 308 saylı məktəbdən çıxıb 286 saylı məktəbə getdiyini gördüm. Təsadüfən eyni ərazidən keçirdim, öz avtomobilimlə təqib etdim və gördüm... Təəssüf doğuran haldır. Müəllimlərin buna getməsi nə çıxılmazlıqla, nə çarəsizliklə bağlıdır. Bu, vicdan məsələsidir. Vicdanı olan qanuna hörmət edər, başqalarının haqqına girməz.

İki dəfə səs verdi

Sizin brauzer HTML5-i dəstəkləmir

İki dəfə səs verdi

- Ələsgər bəy, adətən, seçicilər seçkilərdə daha fəal olur, konkret namizədlərə səs verməkdə maraqlı görünürlər. Bunu subyektiv müşahidə də saya bilərsiniz. Ancaq referenduma hüquqi məsələlər çıxarıldığından, seçici marağı az olur, adətən. Sizcə, bugünkü səsvermənin sonunda real rəqəmlər necə olmalı idi?

- Real olsa, bu səsvermə baş tutmamalı idi. Mən Azərbaycan əhalisinin 25 faizinin bu prosesə aktiv şəkildə qatılmasına inanmıram. Amma söhbət rəsmiləşdiriləcək rəqəmdən gedirsə, 2002-ci ildə rəsmi rəqəmə görə, səsverməyə 92 faizin qatıldığı deyilirdi, 2009-cu ildə bu rəqəm 87-92 faiz arası idi. Böyük ehtimalla, həmin rəqəmlər təkrarlanacaq. Azərbaycanda seçkilər və ya referendum əhalinin inanaraq gedib səs verdiyi siyasi proses deyil. Amma bir şey də deyim. SSRİ dağılana yaxın Azərbaycanda referendum keçirildi, guya xalq Sovetlər İttifaqının qalmasına «hə» dedi. Amma bir ay sonra SSRİ dağıldı, respublika müstəqilliyini elan etdi. Nəticə nə olur-olsun, o sünidirsə, gerçəklə uzlaşmırsa, həyat öz şərtini diktə edəcək.