Reportyorlar etiraz etdilər

Aksiya

Bu gün iyulun 22-də, Milli Mətbuat Günündə bir qrup videoreportyor Daxili İşlər Nazirliyi önündə aksiya keçirməyə cəhd göstərib.

Onlar müxtəlif aksiyalar zamanı və ya vətəndaşlardan müsahibələr alarkən polis müdaxiləsinə məruz qaldıqlarını bildiriblər. Reportyorlar belə hallara son qoyulmasını istəyiblər.

Olay yerinə gələn polislər reportyorları binanın önündən kənara çıxarıblar. Aksiya insidentsiz başa çatıb, saxlanan olmayıb.

Sonra da reportyorlar aksiyalarını Mətbuat Şurasının önündə davam etdiriblər. Onlardan biri saxlanıb. Həmin aksiya iştirakçısı saxlanarkən həbsdə olan jurnalistlərə azadlıq tələb etməsi ilə bağlı şüarlar səsləndirib. Bir müddət sonra həmin şəxs sərbəst buraxılıb.

Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda «Əkinçi» qəzetini nəşr etdirib. Həmin gün milli mətbuatın əsasının qoyulduğu bildirilir.

DİN reportyorların aksiyası ilə bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi (DİN) iyulun 22-də bir qrup reportyorun nazirliyin qarşısında aksiya keçirməsi ilə bağlı açıqlama verib.

DİN aksiyanı «qanunsuz» adlandırıb. Açıqlamada qeyd edilib ki, aksiyada iştirak edənlər «ictimai diqqəti üzərilərinə çəkmək məqsədilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər».

Qurum bildirib ki, «medianın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən, qətiyyən yolverilməzdir».

DİN-dən əlavə edib ki, onlar bununla kifayətlənməyərək analoji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb: «Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib. Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb. Orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb».