Azərbaycanda açıqlanan inflyasiya həqiqəti əks etdirirmi?

Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricisi yetərincə yüksək olsa da, çoxları bu rəqəmlərin də real durumu əks etdirmədiyini düşünür.

İnflyasiya son illərin ən yayılmış iqtisadi terminidir. Koronavirus pandemiyası başlayandan bəri qlobal iqtisadiyyatın ən ciddi problemi qiymət artımları olub. Son illər bir çox ölkədə inflyasiya ilə bağlı antirekordlar qeydə alınıb. Azərbaycanda da inflyasiyanın təsiri son illərin ən yüksək səviyyəsinə çatıb. Ötən il ölkədə rəsmi açıqlanan inflyasiya 14 faiz olmuşdu. Bu, qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildən bəri Azərbaycanda qeydə alınan ən yüksək inflyasiya səviyyəsi idi. Əhali əlindəki pulun tən yarısını xərclədiyi ərzaq məhsulları da 20 faizdən çox bahalaşmışdı. Bu il də inflyasiya yüksək olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, hazırda ölkədə inflyasiya göstəricisi 11.7 faizdir. Bu, Mərkəzi Bankın inflyasiyaya dair hədəf diapozonundan (2-6 faiz) iki dəfə yüksək göstərici deməkdir.

Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricisi yetərincə yüksək olsa da, çoxları bu rəqəmlərin də real durumu əks etdirmədiyini düşünür. Sadə vətəndaşlarla yanaşı, müstəqil ekspertlər də DSK-nın açıqladığı rəqəmlərin real durumu tam göstərmədiyini düşünürlər. "Meyar" Sosial İqtisadi Tədqiqat Qrupunun alternativ inflyasiya ölçülməsi ilə bağlı araşdırması da ölkədə inflyasiyanın hesablanması prosesində çağırışların olduğunu təsdiqləyir.

Buna da bax: Bakıda yaşayan əhalinin real gəlirləri son iki ildə 19 faiz azalıb

Başlıca problemlər

Araşdırmanın nəticələrinə görə, Azərbaycanda inflyasiya hesablanmasında istifadə edilən səbətin tərkibi qeyri-müəyyəndir, axı bu tərkibin hansı sənədə əsasən tərtib edildiyi bilinmir. Belə bir siyahının olmaması hökumətə inflyasiya hesablamasında yönləndirmə imkanları qazandırır. Belə şəraitdə toplum inflyasiyanın hesablanmasında hansı məhsulların olduğunu bilmir və bu, alternativ hesablamaların aparılmasını çətinləşdirir.

İnflyasiya hesablanarkən digər ciddi problem bu zaman istifadə edilən səbətə daxil olan məhsulların özəl çəkisinin açıqlanmamasıdır. İnsanların istehlakında hansı məhsulun nə qədər yer tutduğunun açıqlanmaması da hökumətə inflyasiya göstəricisinin gerçək durumunu gizlətməkdə kömək edir. Məsələn, qiyməti daha çox bahalaşan ət və tərəvəz məhsullarının səbətdəki payının azaldılması həm də inflyasiya göstəricisinin aşağı düşməsi deməkdir. Bu baxımdan, araşdırma qrupunun fikrincə, DSK inflyasiya hesablanarkən daha şəffaf fəaliyyət göstərməli və öz hesablama metodologiyasını ictimaiyyətlə bölüşməlidir.

Buna da bax: Azərbaycanda minimum əməkhaqqından da az maaş alanların sayı çoxalıb

DSK-nın inflyasiya hesablaması ilə bağlı problemlər bununla da bitmir. Daha bir ciddi problem ərazilər üzrə qiymətlərin qeydiyyatının aparıldığı ticarət məntəqələrinin adlarının açıqlanmamasıdır. Eyni növ mal və xidmətlərin hansının qiymət müşahidəsinə daxil edilməməsi, hansıların daxil edilməməsi ilə də bağlı qeyri-müəyyənliklər var.

Bu problemləri ümumiləşdirsək, ortaya çıxan ən mühüm nəticə belədir: Azərbaycanda, nəzəri olaraq, inflyasiyanın hesablanması üsulu, eləcə də istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsi beynəlxalq standartlara uyğunlaşdırılır. Di gəl, prosesdə şəffaflığın olmaması beynəlxalq tələblərə uyğunluğu qiymətləndirmək üçün müstəqil və alternativ dəyərləndirmə aparmağa imkan vermir. Məsələn, rəsmi statistika müşahidə aparılan ticarət məntəqəsində eyni növ məhsulun 100 çeşidindən yalnız beşini müşahidəyə cəlb edirsə, 95 məhsulun hansı meyarla kənarda saxlanmasını əsaslandırmır və ya belə əsaslandırmanın ictimaiyyət üçün açıqlanmasına zərurət duyulmur. Yaxud səbətdə hər məhsul və xidmət növünün özəl çəkisinin qapalı saxlanması inflyasiyanın obyektiv ölçülməsinə ictimai etimadı azaldır, axı inflyasiya hesablanmasında siyasi məqsədlərə uyğun yönləndirmələrə yol verilməsinə təşəbbüslər məhz iki yolla asanlıqla gerçəkləşdirilir: qiymət müşahidələri zamanı mal-xidmət seçimi və çəkilərin dəyişdirilməsi ilə.

Buna da bax: Qiymət artımları büdcəyə bir milyard manat qazandırıb

Digər ölkələrdən fərqli yanaşma

Son dövrlər inkişaf etmiş ölkələrdə inflyasiya ölçümünün gündəlik aparılması praktikası yayılmaqdadır. Özəlliklə ərzaq məhsulları ilə bağlı qiymət müşahidələri günlük aparılır. Bunun üçün texnoloji imkanlardan istifadə edilir. Belə yanaşma həm də daha çox sayda məhsulun qiymətinin toplanmasına şərait yaradır ki, bu da inflyasiya göstəricisinin reallığı əks etdirmə dərəcəsini artırır. Azərbaycanda isə DSK qiymət müşahidələrini ayda üç dəfə - 10 gündən bir və hər məhsulun beş çeşidi üzrə aparır. Bu da həmin 10 gün içindəki qiymət dəyişmələrinin və beş çeşiddən başqa digər çeşidlərin inflyasiyada əks olunmasını məhdudlaşdırır.

DSK-nın hesablaması ilə fərqli nəticə

"Meyar" Sosial İqtisadi Tədqiqat Qrupu mart ayını baza kimi götürərək aprel və may aylarında 50 məhsul üzrə təkcə Bakı şəhərində yerləşən market şəbəkələri və bazarlarda müşahidələr aparıb. Həmin araşdırmanın nəticələri göstərir ki, seçilmiş səbətin timsalında bu ilin aprel ayı üzrə Bakıda qida inflyasiyası 1.3 faiz olub. Müqayisə üçün qeyd etmək vacibdir ki, rəsmi statistikanın aylıq inflyasiya hesabatına görə, həmin ay Bakıda inflyasiya qeydə alınmayıb (sıfır faiz olub). İki hesablama arasındakı fərq həm səbətdə məhsulların sayının, həm də xüsusi çəki göstəricilərinin fərqli olmasından yarana bilər. Ancaq aparılan araşdırmanın nəticələri Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricisi ilə bağlı şübhələrin əsaslı olduğunu göstərir.