ATƏT -in Minsk qrupunun amerikalı həmsədri Richard Hoagland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üzərində işlədiklərini deyir.
Bu barədə avqustun 16-da "Trend" agentliyi məlumat yayıb.
Həmsədr ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində münaqişə tərəfləri ilə işə sadiq olduğunu vurğulayıb.
Richard Hoagland "Trend"ə müsahibəsində bildirib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər:
“Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırıq. Xatırlatmaq istərdim ki, Minsk Qrupunun həmsədrləri vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik” amerikalı həmsədr bildirib.
Richard Hoaqland həmçinin bildirib ki, yaxın həftələr və aylarda həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.