Kennedy-nin qardaşını öldürən 53 ildən sonra azadlığa çıxa bilər

Sirhan Sirhan, 9 fevral 2016

Kaliforniyanın əfv komissiyası 1968-ci ildə Robert Kennedy-ni öldürən fələstin əsilli məhbus 77 yaşlı Sirhan Sirhanın azad olunmasını təklif edir.

Bu barədə Los Angeles Times qəzeti məlumat yayıb.

ABŞ prezidenti John Kennedy-nin qətlindən 5 il sonra, 1968-ci ildə onun baş prokuror olan kiçik qardaşı Robert Kennedy də güllələnərək qətlə yetirilib.

Amerika mafiyasına qarşı yüksək səviyyəli məhkəmələr təşkil etməklə məşhurlaşan Robert Kennedy zamanında mütəşəkkil cinayətkar dəstə üzvlərinə qarşı cəza sayı yüzdə 800 faiz artıb.

1964-cü ildə istefaya gedən Robert Kennedy sonradan Nyu York ştatından senata seçilib. Dörd il sonra isə ABŞ prezidenliyinə namizədliyini irəli sürüb.

O, Kaliforniyada keçirilən praymerzdə qalib olduğunu elan edəndən sonra Los Angelsedəki "Ambassador" otelində güllələnərək qətlə yetrilib. Qatil cinayət başında tutulub.

Sirhan Sirhan (sağda), vəkili Russell E. Parsonsla, Los Angeles, iyun 1968

1956-cı ildə 12 yaşında Amerikaya emiqrasiya edən Sirhan Sirhan qətl hadisəsini törədəndə 24 yaşında olub. Məhkəmə prosesində dindirilən qatil hadisəninin baş vermə anını xatırlamadığını deyib. Müdafiəçiləri Sirhan Sirhanın günahsız olmasını sübut etməyə çalışıblar. Amma sonda məhkəmə onun haqqında ölüm hökmü çıxarıb. 1972-ci ildə isə ölüm hökmü ömürlük həbslə əvəzlənib.

Sirhan Sirhan həbsdə olduğu 53 ildə 16 dəfə əfv olunması ilə bağlı müraciət edib. Sonuncu dəfə onun əfvlə bağlı müraciətini Robert Kennedy-nin iki oğlu müdafiə edib.

"Senator Kennedy bütün dünyanın ümidi idi, mən onda hamını incitdim -bu dəhşətli hərəkətin reallaşması məni incidir" deyə Associated Press onun müraciətindən sitat gətirir.

Los Angeles Rayon Prokurorluğu, əfv komissiyasının qərarına etiraz etməyəcəklərini bildirib. Amma prokurorluq hesab edir ki, sərbəst buraxılma ilə bağlı son qərarı Kaliforniya Qubernatoru Gavin Newsom verməlidir.