Rogozin ABŞ-a səfərinin ‘Trump-Konqres qarşıdurmasına’ görə ləğv edildiyini deyir

Roskosmosun baş direktoru Dmitry Rogozin

Rusiyanın dövlət kosmos agentliyi - Roskosmosun rəhbəri Dmitry Rogozin onun yanvarın 9-da Birləşmiş Ştatlardakı NASA agentliyinə səfərinin ləğv edilməsinə görə prezident Donald Trump-ı və ABŞ millət vəkillərini günahlandırıb.

Dmitry Rogozin Birləşmiş Ştatların və Avropa İttifaqının sanksiyalar siyasına daxildir.

O deyib ki, ABŞ-a səfərinə icazə verilməməsi “Trump-la Konqres arasında qarşıdurmanın bir epizodudur”. Dmitry Rogozin bu hadisəni Amerika teleserialına bənzədib. O yanvarın 9-da Rossia 24 telekanalına müsahibəsində deyib:

"Bu Konqres və Trump arasında rəqabətin bir elementidir. Spesifik olaraq bu halda biz bu rəqabətin qurbanı olmuşuq”.

NASA yanvarın 4-də bildirmişdi ki, Rogozinin səfəri mətbuatda tənqidi məqalələrin dərcinin və ABŞ millət vəkillərinin qara siyahıya salınmış rusiyalının Birləşmiş Ştatlara buraxılmaması çağırırşının ardınca ləğv edilib.

Roskosmos yanvarın 9-da verdiyi bəyanatda bildirir ki, NASA ilə əməkdaşlıq planlarından əl çəkmir:

"Biz NASA ilə imzalanmış kontraktlar üzrə bütün öhdəliklərimizə əməl edirik və əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləyirik”.

NASA və Roskosmos iki onillikdir ki, əməkdaşlıq edirlər.

Bu əməkdaşlıq 2011-ci ildə, Birləşmiş Ştatlar Space Shuttle donanmasını bağladıqdan sonra daha da sıxlaşıb. 2011-ci ildən sonra NASA astronavtların və avadanlığın Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi üçün Rusiyanın Soyuz raketlərindən istifadə etməyə başlayıb.

NASA bu xidmətlərinə görə Roskosmosa indiyədək 2.5 milyard dollar ödəyib.

NASA-nin İnzibatçısı, keçmiş respublikaçı Jim Bridenstine oktyabr ayında demişdi ki, o Rogozini NASA-nın qərargahına səfərə dəvət edib və onun üzərindəki səfər qadağanından müvəqqəti güzəşt verilməsinə çalışacaq. O vaxt bu dəvət barəsində ABŞ mediası geniş xəbər verməmişdi.

Lakin yanvarın 1-də Politico məcmuəsi qarşıdan gələn səfər haqqında yazdıqdan sonra ABŞ senatoru Jeanne Shaheen NASA-nı bu dəvəti geri götürməyə çağırmışdı. O bildirmişdi ki, əks halda Konqres “hərəkət etməyə məcbur olacaq”.