İran prezidenti ölkənin ali hakimiyyətini tənqid edir

Hassan Rohani yanvarın 15-də hökumət müşavirəsi keçirib

İran prezidenti Hassan Rohani yüzlərlə insanın qarşıdan gələn parlament seçkisində namizədliyinin qeydiyyatından imtina edilməsindən narazılıq ifadə edib.

O deyib ki, iranlıların “müxtəlifliyə” ehtiyacı var.

Yanvarın 15-də keçirilən hökumət müşavirəsində Rohani “bütün partiya və qruplardan” olanlara parlamentə seçilmək imkanının verilməsinə çağırıb.

O deyib ki, İrana yalnız “bir siyasi qanadla” rəhbərlik edilə bilməz.

İranın qüdrətli Nəzarət Şürası hazırkı 290 mandatlı parlamentin üzvü olanların üçdə birini fevralın 21-də keçiriləcək növbəti məclis seçkisində iştirakdan məhrum edib.

Bundan başqa Daxili İşlər Nazirliyi daha 800 nəfərin namizədliyini ləğv edib.

Buna da bax: Rohani ‘günahsızlar’ı buraxmağa çağırır

Etemad qəzeti yazır ki, namizədliklərinin qeydiyyatından imtina edilənlərin əksəriyyəti islahatyönlülər və mötədillərdir.

Bütünlükdə İran parlamentinə seçkidə 5000 namizədin iştiraklına icazə verilib.

Bu isə o deməkdir ki, hər bir mandat üçün 17 namizəd mübarizə aparmalı olacaq.

Rohani deyib ki, hər bir mandata 17, 170 və ya 1700 adamın iddialı olması hələ heç nədən xəbər vermir:

"Bu 1700 namizəd neçə partiyanı təmsil edir? Bir partiyanı? Onda buna seçki deyilməz”.