2020-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələri arasında rouminq tariflərinin azaldılmasına dair saziş imzalana bilər. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) noyabrın 16-da yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu məsələ ilə bağlı bu günlər Litvanın paytaxtı Vilnüs şəhərində iclas keçirilib.
İclas Avropa Birliyinin (AB) "Şərq Tərəfdaşlığı" ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.
Məlumata görə, iclasda NRYTN nümayəndələri ilə yanaşı, Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri də iştirak edib.
Nazirlik vurğulayıb ki, iclasın əsas məqsədi "Şərq Tərəfdaşlığı" regionunda rouminq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rouminq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.
Məlumatda qeyd edilib ki, tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq rouminq sahəsində ən yaxşı təcrübələri araşdırılaraq müqayisə edilib. Həmçinin, rouminq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda AB-yə üzv dövlətlərin, tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.
Xatırlatma
Azərbaycan AB ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.“Şərq Tərəfdaşlığı” AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında isə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.