Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı ölkədən çıxışına məhdudiyyətin götürüldüyünü bildirir. Onun sözlərinə görə, bu gün, yanvarın 7-də o, ağır xəstə olan həyat yoldaşı Eldar Sabiroğlu ilə birlikdə Türkiyəyə yola düşüb.
Onların artıq Türkiyədə olduğu bildirilir.
Məsələ ilə bağlı istintaqı aparan Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.
6 dekabr
Rüfət Səfərovun anası ifadəyə çağrılıb
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı oğluna qarşı qaldırılan cinayət işi üzrə istintaqa çağırıldığını bildirib. Yanvarın 6-da o, şahid qismində ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.
T.Tahirqızının sözlərinə görə, o, qanunvericiliyə uyğun olaraq ifadə verməkdən imtina edib və oğlunun şərləndiyini deyib: "Müstəntiqə ölkədən çıxmağıma qadağa qoyulması ilə bağlı sual verdim, amma heç bir cavab ala bilmədim".
Hüquq müdafiəçisinin anası vurğulayıb ki, həyat yoldaşı Parkinson xəstəliyindən əziyyət çəkir və hər yarım ildən bir Türkiyədə müayinədən keçir: "Yanvarın 7-də də müayinəyə getməli idik, amma ölkədən çıxışına qadağa qoyuldu. Amma ümid edirəm ki, oğlumun həbsinin sifarişçiləri humanizm göstərəcəklər və onun atasının xaricə getməsinə imkan verəcəklər".
T.Tahirqızının açıqlamasına istintaqdan münasibət almaq mümkün olmayıb.
Rüfət Səfərovun anasının ölkədən çıxışına 'stop' qoyulduğu deyilir
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir. Bu barədə Səfərovun ailəsindən məlumat veriblər.
"Tahirə xanımın ölkədən çıxışına Daxili İşlər Nazirliyi qadağa qoyub. Tahirə xanım həyat yoldaşı Eldar Səfərovun Türkiyədə həkim müayinəsindən keçirilməsi üçün İstanbula getməli idi. Amma yanvarın 4-də onun çıxışına məhdudiyyət qoyulduğunu öyrənib. Rüfətin atası Eldar Səfərovun vəziyyəti kəskin şəkildə pisləşməsinə baxmayaraq, onu Türkiyəyə aparmaq, hələlik, mümkün olmayıb", - Səfərovlar ailəsindən deyiblər.
R.Səfərovun özü də saxlandığı təcridxanasından Daxili İşlər Nazirliyinə müraciət edib. O, anasının xəstə atası E.Səfərovla birlikdə ölkədən xaricə çıxmasına icazə verilmədiyini vurğulayaraq "nə etməyə çalışırsınız" deyə sual edib.
Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyinin özündən münasibət almaq mümkün olmayıb.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il, dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, ittihamları qurama sayır.
Xatırlatma
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.