“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov aprelin 22-də Bakı Apellyasiya Məhkəməsinin qarşısında polis zorakılığına məruz qaldığını deyir.
Hüquq müdafiəçisinin AzadlıqRadiosuna bildirdiyinə görə, hadisə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məhkəməsinin monitorinqini keçirməyə gedərkən baş verib.
Rüfət Səfərov deyir ki, girişdəki mühafizəçi polislər onu məhkəmənin binasına buraxmayıblar, o da dinc qaydada buna etiraz edib:
“Qanunun tələbini, açıq məhkəmə prosesində iştirak etmək hüququmu xatırlatdım. Zorakılıq tətbiq etdilər. İstənilən göstərişi icra etməli olduğumu bildirdilər. Bakı Apellyasiya Məhkəməsinin həyətində 6-7 polis əməkdaşı asfalta yıxıb, ayaqlarını başıma qoydular, təhqir etdilər...”
Rüfət Səfərovun sözlərinə görə, zorla onu polis avtomobilinə əyləşdirməyə çalışıblar, lakin o minməyib. Dediyinə görə, bu zaman daha ağır formada zorakılığa məruz qalıb:
“Boğdular, havaya qaldırdılar, avtomibilə yerləşdirib, 28-ci polis bölməsinə apardılar. Telefonumu və şəxsiyyət vəsiqəmi aldılar. Təxminən 20 dəqiqə sonra sərbəst buraxdılar”.
Buna da bax: Əli Əliyevin cəzası artırıldı
DİN-dən cavab
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, Rüfət Səfərovun iddiaları üzrə müvafiq araşdırma aparılıb:
“Onun hər hansı formada saxlanması və polis bölməsinə aparılmasıyla bağlı hər hansı formada göstəriş olmayıb. Onun saxlanması və avtomobilə mindirilməsiylə bağlı bütün təfərrüatlar araşdırmadan sonra məlum olacaq. Özü də müraciət edib. Həmin müraciət üzrə müvafiq araşdırmalar davam edir”.
VİP sədri Əli Əliyev bu il 6 ay azadlıqdan məhrum edilməsi barədə Yasamal rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Yanvarın 13-dən həbsdə olan partiya sədri Dövlət Sərhəd Xidmətinin (DSX) iki zabitinin şikayəti əsasında cəzalandırılıb.
O, internet televiziyalarında birində noyabrın 30-da baş vermiş DSX-yə məxsus vertolyot qəzasını şərh edərkən bildirib ki, o hadisə haqqındada telekanallarda müsahibə verən hərbçilərin qəza zamanı həmin helikopterdə olduğuna inanmır.
DSX zabitləri isə iddia ərizəsində göstərib ki, partiya sədri onları yalan danışmaqda suçlamaqla, nüfuzdan salıb.
Yasamal Rayon Məhkəməsi Əli Əliyevi Cinayət məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilb.
Lakin o, özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
Sözü gedən qəza nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı açıqlanıb.
İstintaqın açıqlamasına görə, “Mi-17” helikopterinin pilotlarının hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən meylliyi dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması qəzaya səbəb olub.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov isə Zərdab Rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb.
O, 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.
2016-ci ilin əvvəlində Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.
"Mənə qarşı olanlar bir repressiyadır. Sadəcə, çalışırlar ki, repressiya maşınının təkərləri altında məni əzsinlər. Amma kimin kimi əzəcəyini zaman göstərəcək", Rüfət Səfərov vurğulamışdı.
O, 2019-cu ildə əfv fərmanı ilə azadlığa çıxıb.