ABŞ və Rusiya Maduro barəsində razılığa gələ bilmədilər

Nicolas Maduro

Birləşmiş Ştatlar və Rusiya arasında Venesueladakı böhrana dair “pozitiv və əsaslı” danışıqlar keçirilib, lakin tərəflər prezident Nicolas Maduronun legitimliyi barədə razılığa gələ bilməyiblər.

ABŞ-ın Venesuela üzrə xüsusi elçisi Elliott Abrams bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla Romada keçirdiyi görüşdən sonra verib.

Venesuela müxalifətinin lideri və ölkə parlamentinin spikeri Juan Guaido ötən yanvarda özünü keçid dövrü üçün prezident elan edib və onun hakimiyyəti Birləşmiş Ştatlar, Avropa İttifaqı və Latın Amerikasının əksər ölkələri tərəfindən tanınıb.

Rusiya, habelə Kuba, Çin və Türkiyə də daxil bəzi başqa ölkələr Maduronu hələ də legitim prezident sayırlar.

Abrams deyib ki, müzakirə olunan məsələ barəsində fikir ortaqlığı əldə olunmasa, tərəflər bir-birlərinin mövqeyi ilə daha yaxından tanış ola biliblər. Danışıqlar bağlı qapılar arxasında keçirilirdi.

Danışıqlardan əvvəl Ryabkov demişdi ki, Rusiya tərəfi Karakasla əməkdaşlığını qoruyub saxlamaq üçün əlindən gələni əsirgəməyəcək.

Bu arada Birləşmiş Ştatlar Venesuelanın dövlət mədənçilik şirkəti Minervenin və onun başçısının üzərinə yeni sanksiyalar elan edib.

Maduro hakimiyyətə 2013-cü ildə, ovaxtkı solçu prezident Hugo Chavez-in ölümündən sonra gəlib.

Qərb onun 2018-ci ildə keçirdiyi və qalibu olduğu prezident seçkisini tənqid edir. Müxalifət seçkini boykot etmiş və onun nəticələrini tanımamışdı.