Rusiya ABŞ-ın raket sınağını pisləyir

Avqustun 18-də keçirilmiş raket sınağı

Moskva Birləşmiş Ştatları özünün son otuz ildə ilk qitələrarası raketini sınaqdan keçirməklə hərbi gərginliyi artırmaqda ittiham edib.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov avqustun 20-də deyib ki, ABŞ-ın Kaliforniyadakı bazadan qeyri-nüvə başlıqlı qitələrarası raketi atması “təəssüf” doğurur:

"Aşkardır ki, ABŞ hərbi gərginliyin artırılmasına kurs götürüb. Biz təxribatlara cavab verməyəcəyik”.

Birləşmiş Ştatlar avqustun 2-də 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən çıxıb.

SSRİ və ABŞ arasında imzalanmış bu müqavilə Moskva və Vaşinqtona 500 kilometrdən 5500 kilometrədək uçan ballistik raketlərin istehsalını və yerləşdirilməsini qadağan edir.

Birləşmiş Ştatlar və Sovet İttifaqı Soyuq müharibə illərində belə raketləri bütün Avropanın ətrafında yerləşdirmişdilər.

Qısa adı INF olan bu müqavilə dənizdən və havadan atılan raketləri qadağan etmir.

Ekspertlər deyirlər ki, bu müqavilənin dayandırılması yeni silahlanma yarışı təhlükəsi yaradır.

Buna da bax: ABŞ son 30 ildə ilk dəfə olaraq qitələrarası raket atıb

Vaşinqtondakı Silahlara Nəzarət Assosiasiyası analitik mərkəzinin tərksilah üzrə direktoru Kingston Reif deyib ki, “ortamənzilli raketlərin inkişaf etdirilməi və yerləşdirilməsi hərbi baxımdan lüzumsuzdur”.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya ABŞ-ın yerdən atılan ortamənzilli raketlər yerləşdirdiyi bütün məkanlarda cavab olaraq belə raketlər yerləşdirəcək.

Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin üzvü Frans Klintsevich deyib ki, Rusiya ABŞ-ın bu tip silahlarda üstünlüyə nail olmasına yol verməyəcək.

Rusiya senatoru bunu da bildirib ki, ABŞ-ın belə bir raketi sınaqdan çıxarması Vaşinqtonun sözü gedən müqaviləni çoxdan pozduğunu göstərir.

Amma burası da var ki, ortamənzilli raketlərin istehsalı qadağan deyil. Qadağan olunan onların qurudan atılmasıdır.

Vaşinqtondakı Strateji və Beynəlxxalq Araşdırmalar Mərkəzindən Tom Karako deyib ki, avqustun 18-də atılan raket çox güman ki, hansısa gəmidən götürülərək quruya gətirilib.

Ekspert deyib ki, Vaşinqtonun gələcəkdə belə sınaqları tez-tez keçirəcəyi gözlənilir, beləki Pentaqon dənzidən və havadan atılan raketlərini yerdən atılmaq üçün modifikasiya etmək niyyətindədir.

Pentaqon bildirir ki, “sınaq raketi yerüstü səyyar start qurğusundan atılıb və 500 kilometr uçduqdan sonra şərti hədəfi dəqiq vurub”.

Bəyanatda deyilir ki, bu sınaqdan alınmış məlumatlardan ortamənzilli raketlərin təkmilləşdirilməsi üçün istitifadə olunacaq.