Rusiya aerodromuna dron hücumları, Moskva hava limanları bağlanıb

Rusiyanın hərbi aerodromlarından birində (Arxiv fotosu)

Rusiyanın hərbi blogerləri yazırlar ki, sentyabrın 24-də Kurskdakı Xalin aerodromuna Ukrayna dronunun hücumu nəticəsində Rusiya hərbçiləri həlak olublar.

Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama verməyib.

Dron zərbəsi səhər saatlarında Kurskda şəhər günü keçirilərkən endirilib.

Rusiya rəsmiləri şəhərin mərkəzindəki inzibati binaya zərbə endirildiyini bildirmişdilər.

Məlumatda aerodroma hücum barədə heç nə deyilmirdi.

Baza saytı mənbə göstərmədən yazır ki, dron Xalindəki yanacaq anbarlarına hücum etmək istəyib.

Ukraynaya müdaxilədə Rusiya aviasiyasının fəaliyyətini işıqlandıran Fighterbomber bloqunda Xalində baş vermiş hadisədə həlak olanların ailələrinə başsağlığı dərc olunub, amma hadisənin mahiyyəti barədə xəbər verilməyib.

Bloger Boris Rojin isə mənbə göstərmədən yazır ki, aerodroma hücum zamanı Rusiya hərbçiləri həlak olub.

Blogerlərin məlumatından bəlli olur ki, hərbçilər vurulub salınmış dronun yaratdığı partlayışda həlak olublar.

Buna da bax: Seçki yaxınlaşdıqca Ukrayna yenidən ABŞ siyasətinin diqqət mərkəzinə gəlir

Dronun endirildiyi və bu zaman partladığı deyilir

RBK Ukrayna agentliyinin Ukrayna kəşfiyyatındakı mənbələri bildiriblər ki, Rusiya dronu radioelektron mübarizə (REM) vasitəsilə uçuş-eniş zolağına endirib və dron bu zaman partlayıb. Partlayış dronu bu bazadakı aviasiya polkunun komandanlığı və FTX zabitləri müayinə edərkən partlayıb.

Mənbələrin məlumatına görə bu partlayış zamanı azı 6 nəfər yaralana və ya həlak ola bilərdi. Bunlar 14-cü aviasiya polkunun komandiri, onun müavinlərindən biri, təyyarəçilərin bir qrupu, hərbi əks-kəşfiyyatın nümayəndəsi və aerodromun işçiləridir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, müharibə şəraitində tərəflər bir-birlərinin itkilərini şişirdirlər və bu məlumatları müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Bu da xəbər verilir ki, Kurskdakı aerodromdan həm hərbi, həm də mülki aviasiya istifadə edir.

Mülki hava limanı Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bağlıdır.

Buna da bax: Çeçenistan lideri Kadırovun yeniyetmə oğulları niyə diqqət mərkəzindədir?

Bryansk və Tula vilayətlərinə hücumlar

Rusiya rəsmiləri xəbər verirlər ki, sentyabrın 25-ə keçən gecə Bryansk və Tula vilayətlərində dronlar müşahidə olunub.

Moskva hava limanlarının işi müvəqqəti olaraq dayandırılıb.

Tula vilayətinin regional təhlükəsizlik nazirliyi xəbər verir ki, HHM qüvvələri Tula vilayəti üzərində düşmən dronlarının zərəsizləşdirilməsi üçün tədbirlər görüb. Dağıntı və itki olmadığı bildirilir.

Vilayətin cənubunda partlayış səsləri barədə SHOT və Baza teleqram-kanalları xəbər vermişdilər.

Bundan bir qədər əvvəl Rusiya MN Rusiya HHM qüvvələrinin Bryansk vilayəti üzərində Ukrayna dronu vurduğunu xəbər vermişdi. Nazirlik bildirirdi ki, təyyarə tipli dron axşam saatlarında vurulub.

Regionun qubernatoru Aleksandr Boqomaz sentyabrın 25-də daha iki dronunun vurulduğunu bildirib.

O dağıntı və itki olmadığını deyib.

Bu da xəbər verilir ki, məhz bu dron hücumları ilə bağlı Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys təxirə salınıb.

Bunun ardınca TASS xəbər verib ki, Domodedovo və Vnukovo limlarının fəaliyyəti tamamilə dayandırılıb.